...

Azərbaycan polisi yollarda təmizlik işləri aparılarkən təhlükəsizlik tədbirlərinin nizamlanmasını vacib sayır

Cəmiyyət Materials 28 Mart 2013 16:17 (UTC +04:00)
Yol kənarlarında abadlıq və təmizlik işləri aparılarkən təhlükəsizliyin təmin edilməsi məqsədilə işçilər xəbərdaredici nişanlardan istifadə etməli, nəqliyyat vasitələrinin sürücüləri isə həmin ərazilərdə maksimum diqqətli olmağa çalışmalıdırlar.
Azərbaycan polisi yollarda təmizlik işləri aparılarkən təhlükəsizlik tədbirlərinin nizamlanmasını vacib sayır

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/

Yol kənarlarında abadlıq və təmizlik işləri aparılarkən təhlükəsizliyin təmin edilməsi məqsədilə işçilər xəbərdaredici nişanlardan istifadə etməli, nəqliyyat vasitələrinin sürücüləri isə həmin ərazilərdə maksimum diqqətli olmağa çalışmalıdırlar. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, xüsusən də işlər şəhərin mərkəzində aparılırsa, işçilər xüsusi fərqləndirici geyimlərdə olmalıdır. Bununla bağlı konkret geyim qaydası müəyyən edilməsə də, diqqəti cəlb etmək üçün onlara narıncı rəngli geyim formasından istifadə olunması məsləhət görülür.

"Narıncı rəng diqqət mənasını bildirir. Yollarda işləyən texnika və digər vasitələrin narıncı rəngdə sayrışan işıq siqnalları olur. Həmin işıq siqnalları onlara heç bir üstünlük verməsə də, ən azından digər nəqliyyat vasitələrinin diqqətini cəlb edir və orada hər hansı bir işin aparıldığını bildirir", - Əliyev qeyd edib.

Əliyev bildirib ki, yollarda işlərin günün hansı vaxtlarında aparılması üçün də konkret qayda müəyyən edilməyib. Lakin bunun nəqliyyatın hərəkətinin intensivliyinin aşağı olan vaxtlarda aparılması tövsiyə olunur. Əks halda nəqliyyatın çox olduğu vaxtlarda yolların təmizlənməsi mümkün olmaz.

Qeyd edək ki, bu gün "Neftçi" futbol klubunun yarımmüdafiəçisi Araz Abdullayev idarə etdiyi "Nissan" markalı avtomobillə Bakının Nobel prospekti ilə hərəkət edərkən yol kənarında təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri hadisə yerində ölüb, digəri isə xəsarət alaraq yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti