Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Bəhreyn Krallığının Manama şəhərində təşkil olunmuş "Turizmdə yeni mədəni üfüqlərin araşdırılması" adlı beynəlxalq konfransda iştirak edib.
İnstitutun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Dünya Turizm Təşkilatının təşəbbüsü ilə keçirilən konfransın təşkilində əsas məqsəd mədəni turizm sahəsində yeni istiqamətlərin araşdırılması, mədəni irsin qorunması, yerli əhalinin turizm məhsullarının hazırlanması prosesinə cəlb edilməsi, davamlı turizm vasitəsilə yeni sosial-iqtisadi imkanların yaradılması və bu barədə məlumatlandırma işinin təşkili idi.
Tədbirdə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Bəhreyn Krallığının mədəniyyət naziri Şeyxa Mai bint Mohammed Al-Xalifa, UNESCO Dünya Mədəni İrs Mərkəzinin nümayəndəsi Peter Debrin, Misirin turizm naziri Hişam Zazou, həmçinin Fransa, İrlandiya, ABŞ, Hindistan, Koreya, İspaniya, Tacikistandan olmaqla dünyanın bir çox aparıcı mütəxəssis və ekspertləri iştirak ediblər. Konfransda məruzəçilər mədəni turizm sahəsində yeni istiqamətlər, özəl və dövlət sektorunun bu sahədə əməkdaşlığı, milli özünəməxsusluğun qorunması məqsədilə maarifləndirmə işinin təşkili, mədəni irsin qorunması məqsədilə kadrların hazırlanması və mütəmadi təlimlərin təşkili, səmərəsiz idarəetmənin yarada biləcəyi fəsadlar kimi mövzulara toxunmuşlar.
Çıxışlarda Dünya Turizm Təşkilatının Yoxsulluğun Aradan qaldırılması üçün Davamlı Turizm Fondunun (ST-EP Foundation) fəaliyyəti, Dünya Heykəllər Fondunun Davamlı Turizm təşəbbüsü çərçivəsində dəstəklənən tarixi yerlərin və abidələrin qorunması, həmçinin turizm idarəçiliyinə dair layihələr və onların əhəmiyyəti barədə də ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda Manama bəyannaməsi qəbul edilməklə konfrans bağlı elan edilib.