...

Mikayıl Cabbarov: Təhsil Nazirliyi bütün 11-ci sinif məzunlarına attestat verilməsinin tərəfdarıdır

Cəmiyyət Materials 4 May 2013 11:47 (UTC +04:00)
Təhsil Nazirliyi tam orta təhsil səviyyəsini bitirən bütün məzunlara attestat verilməsinin tərəfdarıdır. Trend-in məlumatına görə, bunu "Heydər Əliyev-90" mövzusunda yazılmış inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində cıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.
Mikayıl Cabbarov: Təhsil Nazirliyi bütün 11-ci sinif məzunlarına attestat verilməsinin tərəfdarıdır

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsini bitirən bütün məzunlara attestat verilməsinin tərəfdarıdır. Trend-in məlumatına görə, bunu "Heydər Əliyev-90" mövzusunda yazılmış inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində cıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, hazırda qüvvədə olan qaydalara əsasən, XI sinfi bitirən və hər hansı fəndən illik qiyməti "2" olan şagirdlər buraxılış imtahanlarına buraxılmırlar.

Eyni zamanda, imtahana buraxılan şagirdlər hər hansı imtahandan "2" aldığı təqdirdə onların yekun attestasiyası aparılmır. Nəticədə hər iki kateqoriyadan olan məzunlar attestat almaqdan, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməkdən məhrum olurlar.

Nazir statistik məlumatlara əsasən bildirib ki, Azərbaycanda 2009-2010-ci tədris ilində 11-ci sinif məzunlarının 22 faizi, 2010-2011-ci tədris ilində 24 faizi, 2011-2012 tədris ilində isə 10,5 faizi attestat almayıb.

"Heç kimə sirr deyil ki, belə şagirdlərə attestatların verilməməsi yerlərdə sui-istifadə hallarına geniş yol açan amillərə gətirib çıxarır. Attestat məzunun biliyinin göstəricisidir. "Təhsil haqqında" qanuna əsasən, attestatın verilməsi məsələsi yekun qiymətləndirmənin "qeyri-kafi" nəticələrilə bağlı olmadığını göstərir. Bu məsələnin böyük ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, nazirlik tam orta təhsil səviyyəsini bitirən bütün məzunlara attestat verilməsinin tərəfdarıdır", - Cabbarov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti