...

Şəxs hansı halda kirayə yaşadığı mənzildən çıxarıla bilər?

Cəmiyyət Materials 15 May 2013 10:46 (UTC +04:00)
Bir qrup vətəndaşlar şəxsi mənzilləri olmadığı üçün başqasına məxsus mənzildə kirayə yaşamaq məcburiyyətindədirlər. Əksər hallarda mənzili kirayəyə götürərkən kirayə verənlə kirayəçi şifahi razılığa gəlirlər.
Şəxs hansı halda kirayə yaşadığı mənzildən çıxarıla bilər?

Azərbaycan, Bakı, 15 may /Trend/

Bir qrup vətəndaşlar şəxsi mənzilləri olmadığı üçün başqasına məxsus mənzildə kirayə yaşamaq məcburiyyətindədirlər. Əksər hallarda mənzili kirayəyə götürərkən kirayə verənlə kirayəçi şifahi razılığa gəlirlər. Amma yazılı müqavilədən fərqli olaraq, şifahi razılıq heç də həmişə özünü doğrultmur. Təcrübədə kirayəçinin əsassız olaraq evdən çıxarılması, kirayə haqqının artırılması, kirayəçidən mənzilin dərhal boşaldılmasının tələb edilməsi və s. səbəbindən tərəflər arasında yaranan mübahisələrin çoxlarımız şahidiyik.

Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzi (BHM) hüquq firmasının hüquqşünası Fərhad Nəcəfov bildirib ki, mənzilin kirayəyə verilməsi ilə bağlı şərtlər (kirayə haqqı, kirayə müddəti, kommunal xidmətlərə görə haqqın, mənzilə və ya qonşulara vurulan zərərin ödənilməsi və s.) tərəflər arasında bağlanmış yazılı kirayə müqaviləsi əsasında müəyyən edilir. Kirayə müqaviləsində tərəflərin hüquq və vəzifələri əksini tapmalıdır.

Nəcəfov bildirib ki, müqavilənin ən mühüm şərtlərindən biri onun bağlandığı müddətdir.

"Yazılı bağlanmış və müddəti müəyyən olunmuş kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə həmin müddət başa çatmadan xitam verilə bilməz. Müqavilədə müddət müəyyənləşdirilməyibsə, tərəflər əvvəldən xəbərdarlıq etməklə istənilən vaxt müqavilənin ləğvini tələb edə bilər. Mülki qanunvericiliyin tələbinə görə, mənzil sahibi bağlanmış kirayə müqaviləsinin vaxtından əvvəl xitam olunmasını tələb edirsə, o bunun hansı zərurətdən irəli gəldiyini və ya kirayədə yaşayanın müqavilənin hansısa şərtlərini pozduğunu göstərməlidir. Yəni, kirayəyə verən heç də həmişə istədiyi vaxt kirayəçini mənzili boşaltmağa vadar edə bilməz", o deyib.

Hüquqşünasın sözlərinə görə, tərəflər arasında kirayə müqaviləsi bağlandığı halda, ev sahibi kirayəçidən əsassız olaraq mənzilin boşaldılmasını istəyirsə, qarşı tərəfə kompensasiya ödəməlidir. Kompensasiyanın məbləği tərəflərin razılığı ilə müəyyən olunur. Razılıq olmadığı halda isə, mübahisəni məhkəmə həll edir.

O deyib ki, Mülki Məcəlləyə əsasən kirayəyə verən kirayə müqaviləsinin ləğvini yalnız kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda və ya kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda tələb edə bilər. Əks halda qanun müqavilənin vaxtından əvvəl xitam olunmasını rədd edir.

Nəcəfov bildirib ki, kirayə müqaviləsinin şifahi bağlanması bəzi hallarda gəlirləri gizlədib vergidən yayınmaq məqsədi daşıyır.

"Belə ki, qanunvericiliyə əsasən, kirayədar kirayədən götürdüyü gəlirə görə vergi ödəməlidir. Vergi qanunvericiliyinə əsasən, 2500 manata qədər gəlirlər üçün əldə etdiyi gəlirin 14 faizi, 2500 manatdan artıq gəlir götürüldükdə isə 350 manat və 2500 manatdan artıq məbləğin 25 faizi məbləğində vergi ödəməlidir".

Hüquqşünasın sözlərinə görə, yazılı müqavilə olmadığı halda tərəflər arasında hər hansı problem yaranarsa, məsələn, kirayə haqqı vaxtında ödənilmədikdə, kirayəçi mənzilə və ya qonşulara zərər vurduqda, kirayə haqqının məbləği artırıldıqda və s. tərəflərin məhkəməyə müraciət etmələri üçün qanuni əsasları olmur.

Vəkilin sözlərinə görə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna əsasən, mənzil kirayəsi müqaviləsinin müddəti on bir aydan çoxdursa, onda həmin hüquq dövlət qeydiyyatına alınmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti