...

Nuşirəvan Məhərrəmli: Azərbaycanda çəkilən seriallar tamaşaçıları cəlb edə bilmir

Cəmiyyət Materials 21 May 2013 16:38 (UTC +04:00)
Azərbaycanda çəkilən seriallar tamaşaçıları özünə cəlb edə bilmir, filmlərdə bayağılıq, sünilik, mövzu kasadlığı hiss olunur. Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli prodakşn rəhbərləri ilə çərşənbə axşamı keçirilən görüşdə deyib.
Nuşirəvan Məhərrəmli: Azərbaycanda çəkilən seriallar tamaşaçıları cəlb edə bilmir

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda çəkilən seriallar tamaşaçıları özünə cəlb edə bilmir, filmlərdə bayağılıq, sünilik, mövzu kasadlığı hiss olunur. Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli prodakşn rəhbərləri ilə çərşənbə axşamı keçirilən görüşdə deyib.

O qeyd edib ki, 2011-ci ildə milli serialların çəkilməsi üçün 5 milyon manat ayrıldı: "Bu sahədə müəyyən işlər görülüb, 20-dək serial çəkilib, maddi-texniki bazanın yaxşılaşdırılması sahəsində nailiyyətlər var. Lakin bu sahədə əldə olunan nailiyyətlərdən danışa bilmərik. Mən həm Şuranın sədri, həm də bir vətəndaş kimi serialların keyfiyyətindən razı deyiləm".

O bildirib ki, kino prodakşnların sayının çox olması da narahat edir: "Azərbaycan kiçik bir ölkədir və bu qədər kino prodakşn varsa, nə üçün filmlərimiz indiki keyfiyyətdədir? Kino sahəsində işləyən hər kəs bir prodakşn yaradıb film çəkməyə başlamamalıdır. Artıq MTRŞ-yə film çəkilişi üçün 40 prodakşn müraciət edib. Dövlət vəsaiti prodakşnlara verilsə, onların çəkdiyi seriallar televiziyada göstəriləcəkmi?"

Məhərrəmli qeyd edib ki, ayrılan vəsaitin xərclənməsi də narahat edir: "Smetalar ciddi şəkildə tərtib olunmalıdır. Biz artıq bütün işlərimizi dünyada mövcud olan praktikaya uyğun aparmalıyıq".

Görüşdə çıxış edən rejissor Kənan Mahmudov (Kənan MM) bildirib ki, filmləri peşəkarlar çəkməlidir: "Mən bu işə tamaşaçı kimi baxıram və bəzi kanallarda gedən seriallara baxanda utanıram. Dövlətin pulunu dağıtmaq olmaz. Hər kəs serial çəkilişinə cəlb oluna bilər, amma filmi çəkə bilənlər çəkməlidir".

Rejissor qeyd edib ki, kino ssenariləri vərəq üzərində deyil, qısa video təqdimatı olmalıdır: "Bu gün çəkilən filmlərdə rejissorun öz dost-tanışları, sənətdən bixəbər olan insanlar yer alır ki, bu da əsas problemlərdən biridir".

Prodakşn direktoru Pərviz Məmmədov isə təklif edib ki, dövlət tərəfindən ayrılan vəsaitin bir hissəsi kadrların hazırlanmasına yönəldilsin: "Əgər bizə film çəkilişi üçün pul ayrılsa, mən məcbur olacam ki, xaricdən rejissor dəvət edim. Biz operator, rejissor və digər sahələrdə yeni işləməyə başlayan kadrları xarici ölkələrə, misal üçün Rusiyaya göndərməliyik".

O, həmçinin bir neçə prodakşının birləşərək film çəkməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti