Azərbaycan, Bakı, 30 may/Trend, müxbir S. Əliyev/
Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək böyük fəxrdir. Trend-in məlumatına görə, bunu cümə axşamı YUNESKO-nun baş direktoru İrina Bokova "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.
Bokova yaradılan bu imkana görə Azərbaycan Prezidenti İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Bokova deyib: "Azərbaycan mədəniyyət mərkəzinə çevrilib. İçərişəhər artıq YUNESKO-nun "Dünya irsi siyahısı"na daxildir, Novruz bayramı muğam kimi "Qeyri-maddi mədəni irs siyahısı"na daxil edilib.
Onun sözlərinə görə, indiki mürəkkəb münaqişələr və böhranlar şəraitində həm ölkələr arasında, həm də ölkə daxilində mədəni müxtəlifliyin inkişafının yeni imkanlarının açılması çox vacibdir: "YUNESKO üçün sülh təkcə iqtisadi və siyasi fəaliyyətlərin köməyi ilə deyil, həm də intellektual səviyyədə əldə edilir. Dialoqun yeni formalarına ehtiyac var və buna görə də 2013-2022-ci illər Mədəniyyətlərin Yaxınlaşmasının Beynəlxalq Dekadası elan edilib".