...

Turistlərin 90-95 faizi Azərbaycana turizm şirkətlərinin vasitəsilə gəlir

Cəmiyyət Materials 8 İyun 2013 10:56 (UTC +04:00)
Xarici turistlərin 90-95 faizi Azərbaycana turizm şirkətlərinin vasitəsilə gəlir. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
Turistlərin 90-95 faizi Azərbaycana turizm şirkətlərinin vasitəsilə gəlir

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İ.İsabalayeva/

Xarici turistlərin 90-95 faizi Azərbaycana turizm şirkətlərinin vasitəsilə gəlir. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycanda artıq onlayn viza sistemi tətbiq edilir. Bunun əsasında turist vizanı sadələşdirilmiş qaydada alır. Turist bunun üçün öz şəklini yerli turizm şirkətinə təqdim edir. Bundan sonra isə turizm şirkəti 20 manata müştərisinin vizasını alaraq onu turistə verir: "Buna görə də turistlərin çoxu Azərbaycana turizm şirkətinin xətti ilə gəlir. Bundan əvvəl isə turist səfirliyə gedərək sənədlərini təqdim edirdi. İkinci dəfə isə yenidən sənədlərini geri götürmək üçün səfirliyə gedirdi. Onda viza almaq üçün daha yüksək məbləğ ödənilirdi".

Azərbaycana gəlmiş turistlər üçün ölkənin tarixi abidələrinə turların təşkil edilməsinə gəldikdə, N.Bağırov deyib ki, Azərbaycana turistlərin yerli tirizm şirkətinin xətti ilə qrup və ya fərdi formada gəlməsindən asılı olmayaraq, onların hamısı üçün turlar həmin şirkətlər tərəfindən təşkil edilir. Buna görə də turistlərin həmin abidələri ziyarət etməsi üçün gündəlik olaraq, avtobusların ayrılmasına ehtiyac olmur.

N.Bağırov onu da əlavə edib ki, hazırda Qobustan, Qala qoruqlarına getmək məqsədilə turistlər üçün xüsusi marşrutlar ayrılmayıb. Ancaq gələcəkdə bəzi tarixi abidələrin ziyarəti üçün gündəlik hərəkət edən avtobuslar ayrıla bilər: "Bu gün ehtiyac olmadığı üçün belə marşrut yoxdur. Ancaq gələcəkdə tələbat artdıqca əlbəttə ki, Qala, Qobustan qoruqlarına, Atəşgaha belə marşrutlar olacaq".

Assosiasiya sədri deyib ki, Azərbaycanın daxili turistləri də tarixi abidələri ziyarət etmək üçün yerli turizm şirkətlərinə müraciət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti