...

Zakir Qaralov Qusar rayon prokurorluğunun yeni inzibati binasına baxış keçirib

Cəmiyyət Materials 8 İyun 2013 12:44 (UTC +04:00)
Azərbaycanın Baş prokuroru Zakir Qaralov Quba rayon prokurorluğunun inzibati binasında bu rayondan, eləcə də Qusar, Xaçmaz, Şabran və Siyəzəndən olan vətəndaşları qəbul edib.
Zakir Qaralov Qusar rayon prokurorluğunun yeni inzibati binasına baxış keçirib

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Azərbaycanın Baş prokuroru Zakir Qaralov Quba rayon prokurorluğunun inzibati binasında bu rayondan, eləcə də Qusar, Xaçmaz, Şabran və Siyəzəndən olan vətəndaşları qəbul edib.

Trend-in məlumatına görə, qəbuldan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Gün ərzində Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir hissəsi elə yerindəcə öz həllini tapıb.

Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar, təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilib.

Qəbuldan sonra Baş prokuror Qusar rayon prokurorluğunun yeni inşa edilmiş inzibati binasına baxış keçirib, binanın istifadəyə verilməsini ölkəmizdə prokurorluq orqanlarının rolunun artırılmasında böyük əhəmiyyəti olan "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Yeni inzibati binada əməkdaşlar üçün hər cür şərait yaradılıb, bütün otaqlar kompüter və ən müasir avadanlıqlarla təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti