...

“2013-2015-ci illər üçün Azərbaycan Respublikasının dövlət orqanlarında kadr siyasətinin inkişafı strategiyası” layihəsi hazırlanıb

Cəmiyyət Materials 15 İyul 2013 11:08 (UTC +04:00)
“Azərbaycan Respublikasında Dövlət Qulluğunda İslahatlar” İkitərəfli Layihəsinə bazar ertəsi yekun vurulub.
“2013-2015-ci illər üçün Azərbaycan Respublikasının dövlət orqanlarında kadr siyasətinin inkişafı strategiyası” layihəsi hazırlanıb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M.Əliyev/

"Azərbaycan Respublikasında Dövlət Qulluğunda İslahatlar" İkitərəfli Layihəsinə bazar ertəsi yekun vurulub. Trend-in məlumatına görə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə rəhbəri Henning Tveste yekun mətbuat konfransında bildirib ki, 5 il ərzində Azərbaycanda aparılan əməkdaşlıq çox məhsuldar keçib:

"Biz bu dövr ərzində gözə çarpan nəticələri əldə etdik və bu nəticə digər ölkələrdə müsbət nümunə kimi istifadə edilə bilər".

Tveste qeyd edib ki, bütün ölkənin inkişafı, müasirləşməsi üçün dövlət qulluğu çox önəmlidir: "Müasir və peşəkar dövlət xidməti olmadan ölkələr adekvat şəkildə qloballaşma proseslərinə cəlb oluna bilməz".

Tveste deyib ki, ikitərəfli əməkdaşlıq zamanı əldə olunan əsas nəticə Azərbaycanın standartlaşdırılmış informasiya texnologiyaları əsasında işə qəbul etmə mexanizminin tətbiqidir ki, bu da regionda qabaqcıl nümunədir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov isə tədbirdə bildirib ki, "Azərbaycan Respublikasında Dövlət Qulluğunda İslahatlar" İkitərəfli Layihənin həyata keçirilməsinə 2009-cu ilin avqustundan başlanıb. Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanın mərkəzi icra hakimiyyət orqanlarında dövlət qulluğu sahəsində şəffaf və vətəndaş yönümlü fəaliyyətin inkişaf etdirilməsi və yaxşı idarəetmənin dəstəklənməsi olub.

Layihə çərçivəsində komissiya "2013-2015-ci illər üçün Azərbaycan Respublikasının dövlət orqanlarında kadr siyasətinin inkişafı strategiyası"nın layihəsini hazırlayaraq Prezidentə təqdim edib:

"Layihənin işi komissiyanın təşkilatı imkanlarının gücləndirilməsi, dövlət qulluqçuları üçün təlim və ixtisas sisteminin yaradılması, komissiyanın və onun tərəfdaşları arasında əlaqə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət qulluğunda bacarıqlar əsasında işəgötürmə sisteminin təkmilləşdirilməsi, dövlət qulluğu islahatı üçün strategiya və hüquqi müddəalarla bağlı məsləhət xidmətlərinin yaradılması kimi istiqamətləri əhatə edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti