...

İntiqam Babayev: Beynəlxalq əməkdaşlıq Azərbaycanın gənclər siyasətinin əsas istiqamətlərindən biridir

Cəmiyyət Materials 25 İyul 2013 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir M.Əliyev/

Beynəlxalq əməkdaşlıq Azərbaycanın Gənclər və İdman Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Trend-in məlumatına görə, bunu cümə axşamı gənclər və idman nazirinin müavini İntiqam Babayev Rusiya gənclərindən ibarət nümayəndə heyəti ilə görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Qərb və Şərq istiqamətləri üzrə əməkdaşlığa maraq göstərir.

Nazir müavini qeyd edib ki, gənclərə dövlət dəstəyi güclənir: "Son 10 il ərzində dövlətin gənclər sahəsinə ayırdığı maliyyə 100 dəfə artaraq 24 milyon manata çatıb".

İ.Babayev Azərbaycan və Rusiya arasında gənclər sahəsində əlaqələrin inkişafına da toxunub: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədrlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Azərbaycan və Rusiya tərəfi üçün qarşılıqlı maraqlı layihəyə çevrilib".

Onun sözlərinə görə, RAGT-nin fəaliyyəti nəticəsində "dostluq klubu" formalaşıb: "RAGT-nin fəaliyyətinin əsas məqsədi azərbaycanlı və rusiyalı gənclər arasında dostluq əlaqələrinin qurulmasıdır. İki ölkənin gəncləri öz aralarında nə qədər sıx əməkdaşlıq və dostluq etsələr, gələcəkdə onlar bir-birilərini bir o qədər asan anlaya biləcəklər".

Rusiya nümayəndə heyətinin üzvləri görüş zamanı İ.Babayevə iki ölkənin gənclər siyasəti sahəsində əməkdaşlığına verdikləri töhfəyə görə gənclər və idman naziri Azad Rəhimov, həmçinin RAGT-nin sədri Leyla Əliyevanın adına fəxri fərmanlar təqdim ediblər.

Rusiya Federasiyasının bir qrup dövlət qulluqçuları, Usaq və Gənclər Təşkilatları Milli Şurasının İdarə heyətinin üzvləri, Gənclərin İctimai Palatası və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti iyulun 23-27-də Azərbaycanda səfərdədir.

Səfər Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra dövlət və qeyri-hökumət təşkilatlarında görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti