...

İki yaşlı İmran Cəfərzadə Berlində müalicə olunması üçün aeroporta aparılır (FOTO)

Cəmiyyət Materials 26 İyul 2013 05:46 (UTC +04:00)
"Nabran Holiday Village" istirahət mərkəzində bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış iki yaşlı İmran Cəfərzadə Berlinin ən yaxşı klinikalarından biri olan "Charite"də əməliyyat olunması üçün aeroporta aparılır.
İki yaşlı İmran Cəfərzadə Berlində müalicə olunması üçün aeroporta aparılır (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir M.Əliyev/

"Nabran Holiday Village" istirahət mərkəzində bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış iki yaşlı İmran Cəfərzadə Berlinin ən yaxşı klinikalarından biri olan "Charite"də əməliyyat olunması üçün aeroporta aparılır.

Azyaşlının anası Nuridə Cəfərova bildirib: "Azərbaycanın Prezidenti İlham Əliyevə və birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Bütün Azərbaycan xalqına, o cümlədən Mərkəzi Kliniki Xəstəxananın bütün işçi heyətinə təşəkkür edirik. Fəxr edirik ki, Azərbaycan kimi ölkədə yaşayırıq".

Trend-in məlumatına görə, Almaniyadan Bakıya ixtisaslaşmış həkimlərdən ibarət ambulans təyyarə gəlib. Onlar uşağı 28 gün davam edəcək diaqnostika üçün xəstəxanaya aparacaqlar. Həmin vaxt ərzində Almaniyada bu sahənin ən yaxşı həkimlərinin bir neçə konsiliumu keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə həmin həkimlərlə danışıqlar aparılıb.

İlkin olaraq 2-3 əməliyyat keçiriləcəyi istisna edilmir. Hazırda uşağın vəziyyəti yaxşılaşır. Uşaq uzun müddət hovuzda qaldığına görə onun ağciyərinə düşən su həkimlər tərəfindən çıxarılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən akvaparkda bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış azyaşlı İmran Cəfərzadəyə zəruri tibbi yardımın göstərilməsi üçün təşkilati məsələlərin icrasına başlanılıb.

İmran Cəfərzadə üzərində əməliyyatın keçirilməsi üçün Heydər Əliyev Fondu bütün xərcləri öz üzərinə götürəcək.

Bundan başqa, Azərbaycan Prezidentinin tapşırığına əsasən, ailənin uşağın müalicəsinə xərclədiyi bütün vəsait dövlət tərəfindən qarşılanıb.

İmran Cəfərzadənin valideynləri göstərdikləri köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Mədəniyyət və Turizm Nazirliyi "Nabran Holiday Village" istirahət mərkəzinin lisenziyasını ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti