Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir İ.İzzət/
Ombudsman Aparatının əməkdaşları 2 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar.
Aparatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları avqustun 6-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində olub, Müvəkkilə müraciət edən məhkumlarla görüşüblər.
Görüş zamanı ombudsmanın nümayəndələri saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər. Qəbul edilmiş şəxslər təkbətək görüş zamanı saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıqlarını bildirməyib, əsasən məhkəmə qərarları ilə bağlı şikayətlər səsləndiriblər. Həmin məhkumlara hüquqi məsləhətlər verilib, ombudsmanın səlahiyyətləri izah edilib.
Ombudsman Aparatının əməkdaşları tərəfindən müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.