Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir A.Məmmədov/
Şirvan Apelyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kürdəmir rayon şöbəsinin direktoru Qismət Abdurrahmanov və şöbənin digər əməkdaşlarının apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə Qismət Abdurrahmanov, şöbənin direktor müavini İradə Abbasova, şöbənin mühasibat uçotu sektorunun sabiq müdiri Namiq Məmmədov, kompüter proqramları üzrə mütəxəssisi işləmiş Elman Rəhimov və məsləhətçi-mühasib işləmiş Asiya Nağdalıyevanın apelyasiya şikayətləri üzrə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmənin qərarına əsasən Q.Abdurahmanov 9 il 6 ay, İ.Abbasova 8 il 6 ay, N.Məmmədov 3 il 6 ay, E.Rəhimova 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. Abdurrahmanov 11 il, İ. Abbasova 10 il, E. Rəhimov 8 il 6 ay, N. Məmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Q. Abdurrahmanov adıçəkilən şöbənin direktoru işləyərkən ünvanlı sosial dövlət yardımı almaq üçün müraciət edən vətəndaşlardan külli miqdarda pulu özü üçün rüşvət kimi tələb edərək alıb.
Bundan başqa, o, həmin vəzifədə işləyərkən qulluq mövqeyindən istifadə etməklə dövlət büdcəsindən vətəndaşlara ünvanlı dövlət sosial yardım verilməsi üçün ayrılmış pul vəsaitini ələ keçirmək məqsədilə vətəndaşların xəbəri olmadan tamah niyyəti ilə onların adlarına saxta tərtib edilmiş rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməklə qeyd olunan sənədlər əsasında ayrılmış külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talayıb. Şöbənin əməkdaşları - İ. Abbasova, E.Rəhimov, N.Məmmədov və A.Nağdalıyeva isə Q.Abdurrahmanova bu əməllərində köməklik göstəriblər.