...

Dövlət ehtiyacları üçün torpaqlar alınarkən kompensassiya necə müəyyən edilməlidir?

Cəmiyyət Materials 21 Avqust 2013 11:17 (UTC +04:00)
Son illər torpaqların dövlət ehtiyacları üçün alınması zamanı yaranan mübahisələrlə bağlı məhkəmələrdə baxılan işlərin sayı artıb. Bu məsələ qanunvericiliklə necə tənzimlənir, hansı torpaqlar dövlət ehtiyacları üçün alına bilər, dövlət ehtiyacları hansılardır?
Dövlət ehtiyacları üçün torpaqlar alınarkən kompensassiya necə müəyyən edilməlidir?

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İsabalayeva/

Son illər torpaqların dövlət ehtiyacları üçün alınması zamanı yaranan mübahisələrlə bağlı məhkəmələrdə baxılan işlərin sayı artıb. Bu məsələ qanunvericiliklə necə tənzimlənir, hansı torpaqlar dövlət ehtiyacları üçün alına bilər, dövlət ehtiyacları hansılardır?

Trend-in məlumatına görə, bu kimi məsələlərə aydınlıq gətirən Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Dünyamin Novruzov jurnalistlərə bildirib ki, bu məsələ "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun, "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" 2007-ci il 7 dekabr tarixli qanunun tətbiq edilməsi haqqında Prezidentin 26 dekabr 2007-ci il tarixli Fərmanı ilə tənzimlənir.

D.Novruzovun sözlərinə görə, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları 4 növdür:

dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;

sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi;

müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi;

dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi.

Hüquq məsləhətçisi qeyd edib ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, razılıq olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu qanuna uyğun olaraq alına bilər: "Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etməlidir".

D.Novruzovun sözlərinə görə, dövlət ehtiyacları üçün alına bilən torpaqlar xüsusi və bələdiyyə mülkiyyətində olan torpaqlardır. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır.

Vəkil deyir ki, torpağı alan orqan tərəfindən köçürülmək üçün aşağıdakıların edilməsi mütləqdir.
Belə ki, həmin orqan köçürülmə ilə bağlı mülkiyyətçilərə seçim imkanları və hüquqları haqqında məlumat, real və mümkün olan köçürülmə alternativləri ilə bağlı məsləhət verməli, seçimi təklif və təmin etməli, köçürülməyə yardım göstərməli, torpaqlarının alınmasının birbaşa nəticəsi olan itkilərlə tam bərpa qiyməti məbləğində kompensasiya ödəməlidir: "Mülkiyyətçidən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər".

Hüquqşünasın sözlərinə görə, qeyd olunan Fərmanın 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu müddəa nəinki torpaq sahələrinin, habelə digər daşınmaz əmlakların (binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və s.) dövlət ehtiyacları üçün alınması hallarına da şamil olunur.

Vəkil deyib ki, kompensasiyanın qiymətləndirilməsində bir sıra amillər nəzərə alınmalıdır: "İddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin.
Ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətini və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınmalıdır".

D.Novruzov vurğulayıb ki, qanunda yaşayış sahəsindən çıxarılanlara çətinliklərə görə 5 - 10 faizə qədər kompensasiya verilməsi nəzərdə tutulur. Bir şərtlə ki, həmin şəxslər orada azı 5 il yaşasınlar (66-cı maddə). Bu müddətdən az yaşayanlar həmin kompenssasiyanı ala bilməzlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti