...

Dövlət Komitəsi: Azərbaycanda məktəbli formasını yalnız iki müəssisə tikə bilər

Cəmiyyət Materials 22 Avqust 2013 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda məktəbli forması istehsalı üçün iki təsərrüfat subyekti sertifikatlaşdırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, valideynlər tərəfindən məktəbli formalarının keyfiyyəti və təhlükəsizliyi barədə çoxsaylı müraciətlər daxil olur. Valideynlər Bakı şəhərinin bir neçə ünvanında saxta əmtəə nişanlı, keyfiyyətsiz məktəbli formalarının satışının aşkar olunması və bunun qarşısının alınması istiqamətində görülmüş tədbirlərlə əlaqədar istehlakçılar məktəbli geyimlərinin istehsalı ilə məşğul olan təsərrüfat subyektləri barədə məlumatlar əldə etmək istəyirlər.

Komitə bildirir ki, Azərbaycanda məktəblilər üçün geyim dəsti istehsalını "Bakı Tikiş Evi" ATSC (Bakı şəhəri ərazisində və digər yerlərdə) və "Bakı Tekstil Fabriki" MMC (Sumqayıt şəhəri, Abşeron rayonu və digər yerlərdə) həyata keçirir. Komitə tərəfindən təsdiq olunmuş hər iki müəssisəyə məxsus texniki şərtlərdə məhsulun keyfiyyətinə olan zəruri, insan sağlamlığı, əmlakının qorunması üçün təhlükəsizliyi təmin edən məcburi tələblər öz əksini tapıb. Şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri valideynlərin, məktəb direktorlarının və şagirdlərin iştirakı ilə seçilib, razılaşdırılıb və təsdiq olunub.

Hər iki müəssisənin istehsal etdiyi məhsulların laboratoriya sınaqları aparılmış, normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilmiş və Komitə tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb: "Adıçəkilən müəssisələrdən başqa məktəbli formalarının istehsalı ilə bağlı Komitəyə heç bir müraciət daxil olmayıb. Ona görə də, valideyn və məktəblilərə keyfiyyəti və təhlükəsizliyi təsdiq olunmuş müəssisələrin məhsullarını almağı tövsiyə edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti