Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İzzət/
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti RF Çeçenistan Respublikasının paytaxtı Groznı şəhərində səfərdədir. İdarənin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, səfər Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun anadan olmasının növbəti ildönümü münasibətilə keçirilən tədbirlər çərçəvəsində həyata keçirilir.
Avqustun 22-də Groznı şəhərində QMİ sədri Şeyxülislam A.Paşazadənin sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti iclası və MDB Müsəlmanları Məşvərət Şurasının səyyar toplantısı keçiridi.
Toplantıda məruzə ilə çıxış edən, Şeyxülislam Əhməd Kadırovun çeçen xalqının tarixində, ümumən Qafqazın mənəvi həyatında oynadığı önəmli rol barədə fikirlərilə bölüşdü.
İordaniyadan yenicə səfərdən qayıtmış Şeyxülislam A. Paşazadə orada iştirak etdiyi Al-əl-Beyt Fikir müəssisələriKral Akademiyasının XVI Əmman Konfransı, orada etdiyi məruzəsi, habelə Konfransın Qətnaməsi barədə QXADŞ üzvlərini məkumatlandırdı.
Şeyxülislam A.Paşazadə sədri olduğu QXADŞ-nın fəaliyyəti, gələcək planları barədə Şura üzvləri ilə fikir mübadiləsi apardı.
MDB Müsəlmanları Məşvərət Şurasının 16 aprel 2013-cü il tarixdə Bakıda keçirilmiş II iclası və MDB Müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar mövzusunda Beynəlxalq konfransın materiallarının əks olunduğu kitabı təqdim edəm QMİ sədri Şuranın gələcək planları barədə ətraflı məlumat verdi. O bildirdi ki, Şuranın ünvanına üzvlüklə bağlı bəzi ölkələrin müsəlman icmalarından daxil olmuş təkliflər nəzədən keçirilir.
QXADŞ üzvləri son zamanlar bəzi müsəlman ölkələrində, o cümlədən, Misirdə, Suriyada, İraqda baş verən, günahsız qurbanları minlərlə ölçülən hadisələrlə bağlı dünya ictimaiyyətinə müraciət ünvanladılar.
Müraciətdə bəzi müsəlman ölkələrində baş verən qarşıdurmadan təəssüfləndiklərini bildiriblər: "Misirdə, Suriyada baş verən hadisələr faciədir. Biz həmin ölkələrdə sülhün bərqərar olmasını istəyirik".
Səfər davam edir.