...

Azərbaycanda qanunsuz dini vəsaitlərlə bağlı vəziyyət dəyişib

Cəmiyyət Materials 24 Avqust 2013 14:09 (UTC +04:00)
Görülən tədbirlər nəticəsində Azərbaycanda qanunla qadağan edilnimiş dini ədəbiyyatların aşkar edilməsinin sayı azalıb.
Azərbaycanda qanunsuz dini vəsaitlərlə bağlı vəziyyət dəyişib

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İ.İzzət/

Görülən tədbirlər nəticəsində son zamanlar Azərbaycanda qanunla qadağan edilnimiş dini ədəbiyyatların aşkar edilməsinin sayı azalıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata əsasən, bəzən Azərbaycanda dinlər və məzhəblərarası ədavətin qızışdırılmasına təhrik edən, dövlət quruluşu əleyhinə yönəlmiş qanunsuz dini ədəbiyyatların yayılması və satışı faktları aşkar edilir. Belə ki, bəzi dini cərəyanlar dövlət quruluşunun dəyişilməsinə yönəlmiş, dövlətçilik əleyhinə olan müxtəlif fikirlər yaymağa çalışırlar. Belə hallara əsasən qeyri-ənənəvi dini cərəyanların ədəbiyyatlarında rast gəlinir. Bu cür ədəbiyyatların sırasına dini kitablar, broşüralar, dini məzmunlu məlumatların elektron daşıcıları, disklər, kasetlər və s. daxildir. Belə qanunsuz vəsaitlər həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həm də Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri tərəfindən aşkar edilərək götürülür və qanunamüvafiq tədbirlər görülür.

Qanunvericiliyə görə, vətəndaş və ya qurum hər hansı dini ədəbiyyatı nəşr və ya idxal etməsi ilə bağlı Dövlət Komitəsinə müraciət etməlidir. Bundan sonra Komitənin ekspert qrupu həmin müraciətə rəy verir. Əgər rəy mənfidirsə, onun nəşrinə və ya idxalına icazə verilmir. Son zamanlar dini qruplar Dövlət Komitəsində bununla bağlı aparılan ekspertizaya ciddi yanaşır, dini ədəbiyyatları nəşr edərkən və onları ölkəyə gətirərkən belə məsələlərə xüsusi diqqət yetirirlər. Lakin bəzən ayrı-ayrı fərdlər və ya missioner təşkilatları tərəfindən, xüsusən də xarici ölkələrdən dini vəsaitlərin Azərbaycana qanunsuz yollarla gətirilməsi, onların mağazalarda və ya müxtəlif ticarət obyektlərində satışı və ya yayımı faktları da aşkar edilir. Belə faktlar müəyyən edildikdə həmin vəsaitlərin satışı və yayımına qadağa qoyulur, onları yayan və satan şəxlərə qarşı isə qanunla müəyyən edilmiş qaydada müxtəlif cəza tədbirləri görülür.

Bu cür halların qarşısının alınması üçün Dövlət Komitəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq həm dini mağazalar, həm də dini qruplarla maarifləndirici və profilaktik işlər aparılır ki, bu tədbirlər də artıq öz nəticəsini verir.

Qeyd edək ki, Azərbaycanda Cinayət Məcəlləsinə 2 il öncə edilən dəyişikliklərə görə, dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını qanunsuz istehsal etmə, idxal etmə, satma və yaymaya görə tətbiq olunan cəzalar sərtləşdirilib.

Qanuna əsasən, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və yaymaya görə 5000-7000 manat məbləğində cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib.

Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən və ya təkrar törədildikdə və ya buna vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə etməklə yol verdikdə 7000 manatdan 9000 manata qədər cərimə və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti