...

Bakıda “yol terroru” qurbanlarının sayı 214 nəfərə çatıb

Cəmiyyət Materials 29 Avqust 2013 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İzzət/

Bu il yanvarın 1-dən avqustun 28-dək Bakıda 646 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 214 nəfər ölüb, 681 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, təhlillər göstərir ki, hadisələrin 51 %-i sürət həddinin aşılması, 47%-i piydaların vurulması, 26%-i əhali arasında qoşa xətt kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli yol zolağına daxil olma, ötmə və ya manevretmə qaydalarının, 18% isə yol ayrıclarını keçmə qaydalarının pozulması ilə bağlı olub.

V.Əsədov bildirib ki, hadisələr əsasən paytaxtın sürət həddinin aşma ehtimalı olan yollarında qeydə alınıb. Bura Azadlıq, Babək və Tbilisi prospektləri, Bakı-Salyan yolu, Bakı-Aeroport şossesi və s. daxildir. Qəzalar daha çox şənbə və bazar günləri daxil olmaqla axşam vaxtlarında - saat 18:00 - 00:00 arası baş verib:

"Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bir daha avtomobil sürücüləri və piyadaları yollada diqqətli və intiazmlı olmağa, yol hərəkəti qaydalarına əməl etməyə çağırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti