...

Elsəvər Ağayev: Azərbaycanda ürək transplantasiyasının qarşısında duran ən böyük problem donor çatışmazlığıdır (MÜSAHİBƏ)

Cəmiyyət Materials 27 Sentyabr 2013 10:48 (UTC +04:00)
Ürək transplantasiyasının qarşısında duran ən böyük problem (bütün dünyada və ölkəmizdə) donor çatışmazlığıdır.
Elsəvər Ağayev: Azərbaycanda ürək transplantasiyasının qarşısında duran ən böyük problem donor çatışmazlığıdır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan səhiyyə nazirinin müavini Elsəvər Ağayev Trend-in onlayn-konfrans vasitəsilə ünvanladığı sualları cavablandırıb.

- Azərbaycanda ürək köçürülməsinin həyata keçirilməsi nə zaman reallaşa bilər? Bununla bağlı hazırda hansı işlər aparılır?

- Bu gün ölkəmizdə ürək transplantasiyası əməliyyatını həyata keçirmək üçün hər cür şərait mövcuddur. Həm xəstəxanalarımızın infrastrukturu, həm də kadr potensialımız bunu deməyə əsas verir. Bildiyiniz kimi, son illərdə digər orqanların transplantasiyası bir neçə klinikamızda uğurla həyata keçirilib.

Ürək transplantasiyasının qarşısında duran ən böyük problem (bütün dünyada və ölkəmizdə) donor çatışmazlığıdır. Dünyada ürək transplantasiyası gözləyən xəstələrin cəmi 5 faizinə donor tapıla bilir. Bu əməliyyatın icra edilməsi üçün beyin ölümü təsdiqlənmiş donorlara ehtiyac var. Çünki donordan ürək alındıqdan sonra donorun bioloji həyatı başa çatır. Bu fakt da bir çox halda həmin xəstənin ailəsi tərəfindən qəbul olunmur.

Qeyd etmək lazımdır ki, donor çatışmazlığı probleminin həlli üçün ən əsas yol "süni ürək" cihazlarının köçürülməsidir. Bu əməliyyat bu gün dünyanın qabaqcıl transplantasiya mərkəzlərində donordan ürək transplantasiyası gözləyən xəstələrə uğurla tətbiq olunur. Bu ilin yanvar ayında respublikamızda ilk dəfə "süni ürək" cihazının köçürülməsi əməliyyatı Mərkəzi Klinikada uğurla həyata keçirilmişdir. Xəstə artıq 8 aydır "süni ürək" cihazı ilə həyatına normal şəkildə davam edir.

- Azərbaycanda özəl tibb müəssisələrində eyni xidmətlərin qiymətləri fərqlidir. Bəzi müəssisələrdə xidmətlərin qiymətləri olduqca baha olur. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində qiymətlərin müəyyənləşdirilməsində iştirak edə və bu prosesə nəzarət edə bilərmi?

- Azərbaycanda özəl tibb fəaliyyəti ilə məşğul olan müəssisələrdə tibbi yardıma görə ödəniş 30 dekabr 1999-cu il tarixli "Özəl tibb fəaliyyəti" haqqında Qanunun 13-cü bəndinə müvafiq olaraq tənzimlənir. Bu maddədə qeyd olunub ki, özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdikləri tibbi yardıma görə ödəniş bilavasitə xəstələrlə bağlanmış müqavilələr; üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr; icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə tibbi sığorta təşkilatları ilə bağlanmış müqavilələr; xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir.

Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən, könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir.

- Səhiyyə Nazirliyi tibbi xidmətlərin və dərmanların reklamı ilə bağlı rəy verir və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. SN indiyədək tibbi xidmətin və dərmanın reklamı ilə bağlı necə müraciətə imtina cavabı verib? "Özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi qaydası barədə" sənədə görə, tibbi xidmətlərin reklamında iştirak edən mütəxəssislər müvafiq təhsilə və ixtisasa malik olmalıdırlar. Reklamların verilməsi zamanı buna nə dərəcə əməl edilir? Bu sahədə hər hansı problemlər varmı?

- "Özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi qaydası"na əsasən Səhiyyə Nazirliyinə bu günə kimi 20-ə yaxın şirkət tərəfindən müraciət daxil olmuşdur. Həmin şirkətlərin təqdim etdiyi 60-dan çox dərman adlarından 55-nə razılıq rəyi verilmişdir. Digər imtina olunmuş sənədlərə dair şirkətlərin təkrar müraciət etmək imkanları mövcuddur.
Özəl tibb fəaliyyəti subyektləri tərəfindən reklama razılığa dair müraciət məsələsinə gəldikdə isə, bu sahədə ciddi problemlər vardır ki, bununla əlaqədar Mətbuat Şurasına da müraciət olunmuşdur.

- Azərbaycan Səhiyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə apteklərdə yeni dərmanların vahid qiymətə satılması ilə bağlı təkliflər paketi hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bu təkliflər paketindəki təkliflər konkret olaraq, nələrdən ibarətdir? Hansı növ dərmanların eyni qiymətə satılması təklif edilir? Dərmanların vahid qiyməti necə müəyyənləşdiriləcək? Bu təklifin nə zamandan reallaşacağı gözlənilir?

- Təkliflər hazırlanan zaman dünya təcrübəsinə istinad olunub, təkliflərdə dərmanların bütün apteklərdə vahid qiymətə satılması nəzərdə tutulur. Onların üzərində qiymətləri göstəriləcək. Bununla bağlı olaraq Türkiyənin və bir sıra Avrasiya ölkələrinin təcrübəsi öyrənilib, analiz olunub və yekun təkliflər hazırlanaraq İqtisadi İnkişaf Nazirliyinə təqdim edilib. Qiymətlərin müəyyənləşdirilməsinin təsdiq olunacaq Qaydalar əsasında Tarif Şurası tərəfindən aparılacağı gözlənilir. Bu ilin axırına kimi hər hansı bir qərarın verilməsini gözləmək çətin olar. Çünki hələ bir sıra texniki məsələlər öz həllini tapmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti