...

Avstriyanın dövlət nümayəndələri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2013 10:18 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi ilə Leoben Montan Universiteti arasında gələcək əməkdaşlığın perspektivləri və birgə fəaliyyət istiqamətləri ətrafına müzakirələr aparılıb.
Avstriyanın dövlət nümayəndələri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Mehdiyev/

Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, Avstriyanın İqtisadiyyat, Ailə və Gənclər Nazirliyinin Enerji və Mədən Departamentinin direktor müavini, Federal Qazma İdarəsinin rəhbəri Artur Maurer, Avstriyanın Leoben Montan Universitetinin Neftin istehsalı və emalı şöbəsinin müdiri Herbert Hofstatter və ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov Bakı Ali Neft Məktəbində (BANM) olublar.

BANM-dan Trend-ə verilən məlumata görə, qonaqları qəbul edən rektor Elmar Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbinin yaranmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmiz və artıq transmilli şirkətə çevrilmiş, istər Azərbaycanda, istərsə də, ölkənin hüdudlarından kənarda fəaliyyətini genişləndirən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilisdilli kadrların hazırlanması olub.

Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun istifadəyə veriləcəyini söyləyib.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır.

Avstriya təhsil və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor vurğulayıb ki, Bakı Ali Neft Məktəbi Avstriyanın neft-qaz və kimya sənayəsi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və onların təcrübələrindən yararlanmaqda maraqlıdır. O qeyd edib ki, bu məqsədlə istər Avstriyanın Azərbaycandakı səfirliyi, istərsə də, ARDNŞ-nin Avstriyadakı nümayəndəliyi vasitəsi ilə bu istiqamətdə bir çox danışıqlar aparılıb. Bu danışıqların nəticəsi olaraq qərara gəlinib ki, Avstriyanın neft, kimya sənayəsi üzrə tanınmış universiteti olan Leoben Montan Universiteti ilə BANM-in əməkdaşlığı genişləndirilsin.

Görüşdə iştirak edən Artur Maurer bildirib ki, Azərbaycan neft ixracı sahəsində tarixi təcrübəyə malik ölkədir və hazırda bu sahə günü-gündən inkişaf edir: "Biz Avstriyanı da Avropanın neft ölkəsi hesab edə bilərik. Avstriyanın şərqində böyük neft yatağı var və il ərzində ölkədə 1 milyon ton civarında neft hasil edilir".

Eyni zamanda o vurğulayıb ki, kimya sənayesi Avstriyada sürətlə inkişaf etməkdədir və Mərkəzi Avropanın ən böyük kimya kompleksi Vyanada yerləşir.

Hər iki dövlətin neft-kimya sahəsində uğurlu təcrübələrə malik olduğunu bildirən Artur Maurer bu bilik və təcrübələrdən qarşılıqlı faydalanmanın əhəmiyyətindən söz açıb.

Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybiç Bakı Ali Neft Məktəbinə ikinci gəlişindən məmnunluq hissi duyduğunu bildirib.

Səfir Azərbaycanda müasir tipli texniki ali məktəbin yaradılmasının çox vacib olduğunu vurğulayıb. O qeyd edib ki, Avstriya hökuməti təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında maraqlıdır. Bu baxımdan Bakı Ali Neft Məktəbi ilə Avstriyanın tanınmış Leoben Montan Universiteti və digər təhsil və tədris mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Bakı Ali Neft məktəbinin professor-müəllim və tələbə heyətinə Leoben Montan Universiteti haqqında ətraflı məlumat verən universitetin Neftin istehsalı və emalı şöbsəsinin rəhbəri, professor Herbert Hofstatter bildirib ki, Bakı Ali Neft Məktəbi ilə bir çox layihələr çərçivəsində əməkdaşlıq etməyə hazırdırlar.

Azərbaycandan müasir standartlara cavab verən, Bakı Ali Neft Məktəbi kimi ali təhsil ocaqlarının açılmasından qürur hissi keçirdiyini bildirən ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov bildirib ki, nümayəndəlik olaraq Bakı Ali Neft Məktəbi ilə Avstriyanın neft-kimya sahəsində fəaliyyət göstərən mərkəzləri ilə əlaqələrin qurulması istiqamətində istənilən dəstəyi verməyə hazırdırlar.

Daha sonra Bakı Ali Neft Məktəbi ilə Leoben Montan Universiteti arasında gələcək əməkdaşlığın perspektivləri və birgə fəaliyyət istiqamətləri ətrafına müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti