Azərbaycan, Bakı, 14 dekabr /Trend/
Quba-İspik-Xınalıq yolunda hərəkət bərpa olunub.
Trend Regional TV-yə istinadən xəbər verir ki, qar uçqunu səbəbindən iki gündür bağlanan Quba-İspik-Xınalıq yolunda avtomobillərin hərəkəti artıq bərpa olunub.
6 saylı Quba Yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, yolun 51 və 57-ci kilometrliklərində baş vermiş qar uçqunu nəticəsində yolu bağlamış yağıntı ağır texnikanın köməyi ilə təmizlənib. Bununla da Quba rayonunun bu istiqamətdə yerləşən Xınalıq, Bostankeş, Qala Xudat, Cek, Əlik, Atuc kəndləri ilə əlaqə tam bərpa olunub.
Yolun müvəqqəti bağlanması ucqar yaşayış məntəqələrində ciddi çətinlik yaratmayıb.
Hazırda 6 saylı Yol istismar idarəsinin növbətçi briqadaları yola nəzarət edirlər.