Azərbaycan, Bakı, 16 dekabr /Trend/
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən Mingəçevir şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılmışdır.
Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunmuşdur ki, Mingəçevir şəhəri, A.Qurbani küçəsində yerləşən 5 saylı "Arzu" körpələr evi-uşaq bağçasında qidalanma ilə bağlı ümumi vəziyyət AZS 747-2013 "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nın tələblərinə uyğun deyildir. Belə ki, qidalanma azyaşlıların yataq otağında həyata keçirilmiş, müəssisənin mətbəxi və anbarı standartın tələblərinə və sanitariya qaydalarına cavab verməmiş, naharda qida çatışmazlığı müşahidə olunmuş, anbarda isə ərzaq çatışmazlığı aşkar olunmuşdur. Bundan başqa verilən qidada uşaqların yaş fərqi nəzərə alınmamış, ərzağın mənşəyini əks etdirən heç bir sənəd təqdim edilməmişdir.
Mingəçevir şəhəri, İslamzadə küçəsi 5 saylı ünvanda yerləşən 12 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçasında aparılan dövlət nəzarəti nəticəsində də qidalanma ilə bağlı ümumi vəziyyətin dövlət standartına uyğun gəlmədiyi müəyyən olunmuşdur. Belə ki, yataq otağında nahar edən azyaşlılara verilmiş qidalarda yaş fərqi nəzərə alınmamış, qida rasionuna uyğun menyu tərtib olunmamış, mətbəxdə ərzaq məhsullarının saxlanılması sanitariya normalarına uyğun gəlməmişdir. Anbarda rütubətlilik normaya uyğun gəlməmiş, ərzaq məhsulları ilə yuyucu kimyəvi vasitələrin bir yerdə saxlanıldığı aşkar edilmişdir. İstifadə olunan ət və süd məhsullarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müvafiq sertifikatları və digər sənədlər təqdim olunmamışdır.
Hər iki müəssisədə aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisə rəhbərlərinə iradnamə təqdim olunmuş, nöqsanların aradan qaldırılması üçün vaxt verilmişdir.