...

Mark Herevard: UNİCEF Azərbaycanda təhsil, səhiyyə, gənclər və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı proqramları davam etdirəcək

Cəmiyyət Materials 18 Dekabr 2013 16:34 (UTC +04:00)
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi - Beynəlxalq Ekologiya Təşkilatının, Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) birgə təşkilatçılığı ilə UNICEF-in Azərbaycandakı fəaliyyətinin 20 illiyi Xətai - "ASAN xidmət" mərkəzində qeyd olunub.
Mark Herevard: UNİCEF Azərbaycanda təhsil, səhiyyə, gənclər və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı proqramları davam etdirəcək

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İ.İzzət/

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi - Beynəlxalq Ekologiya Təşkilatının, Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) birgə təşkilatçılığı ilə UNICEF-in Azərbaycandakı fəaliyyətinin 20 illiyi Xətai - "ASAN xidmət" mərkəzində qeyd olunub.

Trend-in məlumatına görə, tədbirdə xüsusi fotosərgi nümayiş etdirilib. Qeyri-adi formatda olan bu fotosərgi UNICEF-in Azərbaycandakı fəaliyyətinin 20-ci ildonümü munasibətilə hazırlanıb və təşkilatın ölkədəki əsas prioritetlərini əks etdirir.

Tədbirin açılış mərasimində UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, IDEA-nın layihələr üzrə rəhbəri Anara İsmayılova, Dövlət Agentliyinin sədri İnam Kərimov və AHK sədri Əli Hüseynli iştirak ediblər.

Tədbirdə çıxış edən İ.Kərimov bildirib ki, bugünkü tədbirin məqsədi UNICEF-in Azərbaycandakı fəaliyyəti ilə tanış olmaq, o cümlədən Azərbaycanda uşaq hüquqlarının qorunması, bu sahədə keçirilən tədbirlərə dəstək verməkdir.

O, qeyd edib ki, "ASAN xidmət" mərkəzlərinin göstərdiyi xidmətlərin bir qismi də uşaqların hüquqlarının müdafiəsi ilə bağlıdır: "Xüsusilə, uşaqların vətəndaşlıq vəziyyətləri barədə, yəni onların şəxsiyyətini təsdiq edən sənədlərin verilməsi, şəxsiyyət vəsiqəsi və pasportların verilməsi "ASAN xidmət" mərkəzləri, eləcə də aidiyyəti dövlət qurumları tərəfindən təmin edilir".

İ.Kərimov deyib ki, uşaqların hüquqlarının müdafiəsi üçün daha konkret tədbirlər nəzərdə tutulub. Əsas elementlərdən biri də ekoloji təmiz mühitdə yaşamaq hüququnun təmin edilməsidir.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri M.Herevard bildirib ki, təşkilat Azərbaycanda öz fəaliyyətinə 1993-cü ildə başlayıb və səhiyyə, təhsil, uşaqların müdafiəsi, gənclərin sağlamlığı, inkişafı və iştirakı kimi sahələrə öz əhəmiyyətli töhfəsini verib: "Çox şadıq ki, Azərbaycandakı fəaliyyətimizin 20 illiyini qeyd edirik. Bu gün yubiley tədbirlərindən biri də "ASAN xidmət" mərkəzində keçirilir. Məni sevindirir ki, qısa zaman keçməsinə baxmayaraq, "ASAN xidmət" mərkəzlərində 750 minə yaxın insana xidmət göstərilib. Növbəti illərdə "ASAN xidmət" mərkəzləri ilə daha yaxından əməkdaşlıq edəcəyik. Bu tədbirdə "göy adam" adlandırdıqlarımız maketlər bizim Azərbaycandakı fəaliyyətimizin rəmzidir".

M.Herevard əlavə edib ki, 2014-cü ildə UNİCEF Azərbaycanda təhsil, səhiyyə, gənclər, eyni zamanda, uşaqların hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən proqramları davam etdirəcək.

IDEA təşkilatının layihələr üzrə rəhbəri A.İsmayılova isə təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. IDEA-nın dünyada 10-dan çox tərəfdaşı olduğunu deyən A.İsmayılovanın sözlərinə görə, artıq uşaqların hüquqları ilə bağlı 2 beynəlxalq layihə həyata keçiirlib.

Qeyd edək ki, bütün "ASAN xidmət" mərkəzlərinin fəaliyyətində uşaqlar da nəzərə alınıb. Valideynlərlə gələn uşaqların vaxtını daha maraqlı keçirmələri məqsədi ilə burada uşaq əyləncə mərkəzləri, ana və uşaq otaqları yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti