...

Şirvanda ərzaq mağazasında narkotik maddə satan şəxs həbs edilib (FOTO)

Cəmiyyət Materials 9 Yanvar 2014 17:55 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxs yaxalanıb.
Şirvanda ərzaq mağazasında narkotik maddə satan şəxs həbs edilib (FOTO)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxs yaxalanıb.

İdarədən Trend-ə verilən məlumata görə, Şirvan şəhər sakini, 36 yaşlı Rahim Qarayevin şəxsi ərzaq mağazasında narkotik maddə satması barədə əməliyyat məlumatı əldə edilib. Dərhal hərəkətə keçən polis əməkdaşları onu cinayət başındaca yaxalayıblar.

Araşdırmalarla müəyyən edilib ki, R.Qarayev özünə məxsus mağazada ərzaq və digər məhsullarla yanaşı xeyli müddətdir ki, marixuana da satırmış. R.Qarayev bildirib ki, o, tanımadığı şəxslərdən əldə etdiyi qurudulmuş marixuananı bükümlərə ayıraraq mağazasındakı piştaxtanın altında gizlədib və müştərilərə hər bükümünü 10-20 manat arasında satıb. Sonuncu dəfə isə bir büküm marixuananı satarkən tutulub.

Mağazaya baxış keçirilərkən bir neçə bükümdə marixuana, narkotik maddələri qəbul etmək üçün xeyli sayda "Kazbek" siqaretləri, satışdan əldə edilən külli miqdarda nağd pul və digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Qeyd edək ki, narkotik maddə satılan bu mağaza Şirvan şəhər 10 saylı orta məktəbin cəmi 20 metrliyində yerləşir. R.Qarayev bu cinayəti ilə həm də yeniyetmə gənclərin zərərli vərdişlərə qurşanmasına şərait yaratmış olurmuş.

Faktla bağlı cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti