...

Vergilər Nazirliyi bir daha şou-biznes nümayəndələrinə xəbərdarlıq etdi

Cəmiyyət Materials 26 Fevral 2014 18:06 (UTC +04:00)
Hazırda uçotda şou-biznes fəaliyyəti ilə məşğul olan 844 vergi ödəyicisi var və onların heç də hamısı nümunəvi vergi ödəyiciləri deyil.
Vergilər Nazirliyi bir daha şou-biznes nümayəndələrinə xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir A.Axundov/

Hazırda uçotda şou-biznes fəaliyyəti ilə məşğul olan 844 vergi ödəyicisi var və onların heç də hamısı nümunəvi vergi ödəyiciləri deyil. Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin rəisi İlham Əmirəliyev "Vergilər" qəzetinə müsahibəsində deyib.

O, qeyd edib ki, musiqi fəaliyyəti ilə məşğul olan sənət adamları, müğənnilər, əyləncə obyektlərində çıxış edən fərdi şəxslərlə bağlı mütəmadi olaraq maarifləndirmə və nəzarət tədbirləri həyata keçirilsə də, onların vergi öhdəliklərimə tam və könüllü əməletmə səviyyəsi aşağıdır.

Onun sözlərinə görə, bizim bəzi tanınmış müğənnilərimiz vətənpərvərlik mövzusunda mahnılar ifa edir, kliplər çəkdirir, televiziya ekranlarından düşmürlər, lakin onların dövlət büdcəsinə ödədikləri vergilərin məbləği heç də aldıqları qonorara uyğun gəlmir:

"Burada əsas problem müğənnilərin əldə etdikləri gəlirləri "Qeydiyyat kitabı"nda düzgün əks etdirməmələri, hətta göstərdikləri və imzaları ilə təsdiq etdikləri gəlirlərlə rüblük bəyannamələrdə qeyd olunan gəlir məbləğləri arasındakı uyğunsuzluqlarla bağlıdır. Müğənnilərin bir şənlik mərasimindən əldə etdikləri gəlirlərin onların bəyan etdikləri rüblük gəlirdən dəfələrlə çox olması barədə məlumatlar var".

İ.Əmirəliyev vurğulayıb ki, kimin hansı dərəcədə məşhurluğundan asılı olmayaraq, vergiləri tam və vaxtında ödəmək öhdəliyi hamı üçün eynidir: "Qeydiyyat kitabı"nda göstərilən gəlir məbləğlərinin azaldılması üçün hər iki tərəf - həm bu gəliri əldə edən, həm də onu ödəyən şəxslər məsuliyyət daşıyırlar. Buna məhəl qoymayanlar isə gec-tez ciddi sanksiyalarla, eləcə də digər məsuliyyətə cəlbetmə tədbirləri ilə üzləşə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti