...

Kamal Abdulla: Azərbaycan imkan verməyəcək ki, burada parçalanma, separatçılıq olsun (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 1 Aprel 2014 18:46 (UTC +04:00)
Yerlərdə milli-mədəni təşkilatlar və dini icmalar öz təklif və layihələrini Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinə təqdim edə biləcəklər.
Kamal Abdulla: Azərbaycan imkan verməyəcək ki, burada parçalanma, separatçılıq olsun (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Yerlərdə milli-mədəni təşkilatlar və dini icmalar öz təklif və layihələrini Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinə təqdim edə biləcəklər. Trend xəbər verir ki, bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla bu gün Bakı Slavyan Universitetində (BSU) Azərbaycandakı milli azlıqların milli-mədəni təşkilatlarının rəhbərləri ilə keçirilən görüşdə bildirib.

Dövlət müşaviri qeyd edib ki, görüşün BSU-da keçirilməsinin xüsusi mənası var: "Çünki bu universitet multikulturalizm zəminində yetişən təhsil müəssisəsidir".

Artıq bir aya yaxındır ki, ölkədə Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni Dövlət müşavirliyi xidmətinin fəaliyyətə başladığını deyən K.Abdullanın sözlərinə görə, artıq həyata keçirilməsi nəzərdə tutulan müəyyən işlər var: "Prezident mənə böyük etimad göstərib və dövlət müşaviri təyin edib. Artıq bu istiqamətdə işlərə başlamışıq. Müəyyən düşüncələrimiz, müəyyən məsələlər ətrafında artıq nəzərdə tutduğumuz istiqamətlər var. Burada əyləşən hər bir insan öz cəmiyyəti ilə bərabər, bütövlükdə Azərbaycan dövlətçiliyini təmsil edən və bu istiqamətdə xüsusi xidməti olmuş insanlardır. Biz addım-addım qarşıya qoyduğumuz problemləri, layihələri, düşüncələri həyata keçirməyə çalışacağıq. Bu, bizim mənsub olduğumuz xalqların, mədəniyyətlərin, dinlərin inkişafı, daha geniş vüsət tapması ilə bağlı müxtəlif layihələr ola bilər. Biz Allahın köməyi ilə bunları birgə həyata keçirəcəyik".

Dövlət müşaviri bildirib ki, icma rəhbərləri təmsil etdikləri icmanın fikrini, arzusunu, diləyini, tövsiyəsini ümumiləşdirib onlara təqdim edə bilərlər: "Artıq bu istiqamətdə işlərə başlanıb. Biz ayrı-ayrılıqda görüşüb bunların hansı şəkildə gerçəkləşməsi barədə danışacağıq. Bu heyətdə uzun zaman görüşümüz olmayıb. Bundan sonra tez-tez görüşəcəyik, birgə müzakirə etdiyimiz proqram və layihələr ola bilər. Hər hansı icmanın problemi təkcə onun deyil, hamımızın problemidir və hamımızı düşündürməlidir. Yəni bütövlükdə Azərbaycan vətəndaşları kimi bu istiqamətdə bir-birimizə dəstək olmalı, bir-birimizin mənəvi, intellektual ehtiyaclarını ödəməyə yardım etməyə hazır vəziyyətdə olmalıyıq".

Onun sözlərinə görə, bu tanışlıq xarakteri daşıyan, istiqamətləri, gələcəkdə hansı işlərlə məşğul olmağı müəyyənləşdirməyə xidmət göstərən görüşdür: "Elə etməliyik ki, Azərbaycanımızı yad təsirlərdən qoruyaq, fəaliyyətimizdə hər hansı yad prinsipləri rədd edək. Bizim 3 variantımız var: Azərbaycan dövlətinə tam sədaqətli şəkildə xidmət etməli, hamımız bir istiqamətə baxan insanlar kimi fəaliyyət göstərməliyik, dövlətçiliyimiz naminə qarşıya qoyulan işləri həll etməliyik. Qarşıya qoyulan məqsəd dövlətçiliyi qorumaqdır. Dövlətçiliyimizi qorumaq ailəmizi, dinimizi, icmamızı yad təsirlərdən qorumaq deməkdir".

Dvlət müşaviri respublikanın cənub və şimal bölgəsinə səfər etdiyini, 15-dək məscid, sinaqoq, kilsədə olaraq sadə insanlarla görüşdüyünü deyib: "Mənə insanlar sual verirlər. Tolerantlıq, multikulturalizm nədir? Bu, əslində insanlıq deməkdir. Bir-birimizin dininə, mədəniyyətinə, tarixinə insani münasibət bəsləyə biliriksə, deməli, multikultural cəmiyyətdə yaşayırıq. Azərbaycan bu mənada multikultural cəmiyyətini nəinki təqdim edə bilər, hətta hansısa gəldiyimiz nəticə və təcrübədən çıxış edərək dünyanı öyrədə bilərik. Dünyanın müxtəlif ölkələri Azərbaycanın multikultural təcrübəsini diqqətlə öyrənməyə çalışırlar".

O, həmçinin regionlarda keçirdiyi görüşlər zamanı yerli sakinlərin, sadə insanların dövlətə, dövlətçiliyə sadiq olduqlarının şahidi olduğunu deyib.

Çıxışı zamanı K.Abdulla ümumiyyətlə "azsaylı xalq" ifadəsinin işlənməsinin əleyhinə olduğunu açıqlayıb: "Əvvəllər azsaylı xalqlar deyirdik. İndi ümumiyyətlə "azsaylı xalqlar" ifadəsini öz leksikonumuzdan çıxartmalıyıq. Xalq olur, azsaylı xalq olmur ki. Biz hamımız bir-birimizin yanındayıq və hamımızı birləşdirən bir Azərbaycan var".

Dövlət müşaviri qeyd edib ki, Azərbaycan, azərbaycançılıq naminə olan işlərdən kənarda nə baş verəcəksə, dövlətin o hərəkatı, yad nəfəsi susdurmağa gücü var: "Dövlət imkan verməyəcək ki, burada parçalanma, separatçılıq olsun. Bu bizə yad olan məsələdir. Nə bizim xalqımıza, nə də buradakı xalqların Azərbaycan naminə şəhid olan övladlarının ruhuna uyğun gələn məsələ deyil. Dağlıq Qarabağ məsələsi ortaya çıxanda öncə talışlar, ləzgilər, tatlar, ruslar getdi. Kimlər getdi? Burada əyləşən hər bir millətin nümayəndəsi getdi. Budur azərbaycançılıq".

K.Abdullanın fikrincə, bu məqamları qorumaq üçün bir çox birgə işlər görüləcək, layihələr icra ediləcək: "Xalqlarımızın mədəniyyətinin, Azərbaycanda təmsil olunan dillərin çiçəklənməsi, müxtəlif tarixin, mədəniyyətin öyrənilməsi, müxtəlif ənənələrin davam etdirilməsi istiqamətində layihələr olacaq. Bu istiqamətdə sizin irəli sürəcəyiniz layihələri gözləyirəm. Elə layihələr olacaq ki, bizim hamımızı birləşdirəcək. Biz artıq işlərə çox intensiv şəkildə başlamalı, öz işimizi görməliyik. Gərək əlimizdən gələni edək. Bizdən daha yaxşı edənlərə isə salam olsun".

Onun sözlərinə görə, Azərbaycan dövlətçiliyi naminə hamı əl-ələ verib çalışmalıdır: "Öz fəaliyyətimizlə həm öz icmamızın nümayəndələrini, həm də bütövlükdə Azərbaycanı və dostlarını sevindirməliyik. Azərbaycanı sevməyənlərin dəyirmanına su tökənlərlə bizim yolumuz bir deyil və olmayacaq. Kimlər ki, məkrli niyyətlərlə, hiylələr və üstü bəzədilmiş ibarələrlə yanlışlığa, aldatmağa cəhd edirlər, onlarla bizim işimiz olmayacaq. Onlara qarşı öz sözünü dövlət deyəcək. Dövlətə qarşı hər hansı bir məsələdə dövlət də fərqli şəkildə hərəkət edəcək".

Dövlət müşaviri icmaların rəhbərlərinin həm bir-biri ilə, həm də dövlət xidməti ilə sıx əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib: "Yəqin ki, hər birinizin öz fəaliyyət planı və proqramınız var. Onlardan bizim də xəbərimiz olsa, yaxşı olar. Biz də onların həyata keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Biz bu işə yerlərdəki icmamızın nümayəndələrini də cəlb edə bilərik. Müxtəlif səbəblərdən real fəaliyyətdən kənarda qalan gəncləri də bu işlərə cəlb edə bilərik".

Dövlət müşavirinin sözlərinə görə, gənclərlə bağlı məsələlərə xüsusi diqqət yetiriləcək: "Ona görə ki, gənclərimiz müxtəlif yollara, dövlətçiliyimizə yad olan yollara gedə bilərlər. Onları həmişə təxribatçılar bu yollara çəkmək istəyirlər. Ona görə də gəncliyimizi bu yollardan qorumalıyıq. Onları bu yollardan uzaqlaşdırmaq üçün birlikdə düşündüyümüz layihələri yerlərdə - şəhərlərdə, qəsəbələrdə gerçəkləşdirmək zamanı gəlib çatıb. Bu istiqamətdə ciddi addımlar atacağıq".

K.Abdulla bildirib ki, biz ancaq milli, mədəni məsələlərlə deyil, bütövlükdə dini, mənəvi, milli, etnik məsələlərlə birlikdə məşğul olmalıyıq: "Bəzi icmaların yerlə, qeydiyyatla və ya daxildə hansısa məsələlərlə bağlı problemləri yaşanır ki, o problemləri də biz Allahın köməyi ilə yavaş-yavaş, bir-birimizi anlaya-anlaya, vahid və bütöv Azərbaycan çərçivəsində həll edəcəyik".

Onun fikrincə, millətlərarası münasibətlər, multikulturalizm və dini münasibətlər bir-biri ilə sıx, vəhdətdə olan istiqamətlərdir və onlardan birini digərlərindən ayrı şəkildə öyrənmək mümkün deyil: "Prezidentin qarşıma qoyduğu məsuliyyət tək mənə deyil, bütün icmalara da aiddir. Sabah bir-birimizi başa düşməyəndə, siz öz icmalarınız qarşısında cavab verəcəksiniz ki, nə cür oldu, biz Azərbaycan dövlətçiliyinin irəli sürdüyü məsələlərdən kənarda qalmışıq. Azərbaycan vahid, bütövləşmiş bir orqanizmdir. Xalqların ümid bəslədiyi insanlar bu birləşməni qorumalı və irəli aparmalıdır".

Qeyd edək ki, Kamal Mehdi oğlu Abdullayev (Kamal Abdulla) Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı müvafiq sərəncamlara əsasən Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad olunaraq Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti