...

Xarici ölkəyə işləməyə gedən vətəndaşlarımız nələri bilməlidirlər?

Cəmiyyət Materials 2 May 2014 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan vətəndaşlarının bəzən aldadılaraq işləmək üçün xarici ölkələrə aparılıb istismar olunması faktlarına rast gəlinir. Hüquq-mühafizə orqanları belə faktların aşkarlanması istiqamətində tədbirlər həyata keçirsə də, bu sahədə əhali arasında maarifləndirmənin səviyyəsi aşağı olduğundan yüksək qazanc vədlərinə aldanaraq xarici dövlətlərə üz tutan və istismar olunan vətəndaşlarımız az deyil. Amma iş təklifini dəyərləndirərkən tələsmək lazım deyil, bunun üçün ilk növbədə sizi işə dəvət edən firma, onun fəaliyyəti ilə bağlı kiçik bir araşdırma aparın, həmin firmanın xaricdə işə düzəltmə üçün xüsusi icazəsi - lisenziyasının olub-olmaması ilə maraqlanın. Qanunvericiliyin bu sahədə sizin üçün yaratdığı imkanlardan yararlanın.

Məsələ ilə bağlı Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Elnur Əliyev Trend-ə bildirib ki, Miqrasiya Məcəlləsi və digər normativ hüquqi aktlarda bu məsələni tənzimləyən normalar yer alıb. Azərbaycan qanunvericiliyi 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına icazə verir: "Qanunvericiliyin tələbinə görə, Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada xarici ölkələrdə işə düzələ bilərlər. Hər kəs bilməlidir ki, qanun Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində fiziki şəxslərin vasitəçilik fəaliyyətini qadağan edir".

Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik edə bilərlər. Hüquqi şəxslər bu sahədə fəaliyyət göstərmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) müəyyən olunmuş qaydada xüsusi razılıq almalıdırlar: "Belə bir fəaliyyət üçün xüsusi razılıq almış hüquqi şəxslər, xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları və ƏƏSMN tərəfindən təsdiq edilmiş müqavilələr əsasında Azərbaycan Respublikasının vətəndaşlarını xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb edə bilərlər. Həmin müqavilələrdə və təklif olunan əmək müqavilələrində Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin beynəlxalq normalara uyğun şəkildə təmin olunması nəzərdə tutulmalıdır. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər xaricə işləmək üçün gedən vətəndaşa Azərbaycanı tərk etməzdən əvvəl əmək müqaviləsinin çatdırılmasını təmin etməlidirlər. Həmin hüquqi şəxslərin göstərdikləri xidmətə görə əməkçi miqrantlardan haqq almalarına yol verilmir".

E.Əliyevin sözlərinə görə, vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan Respublikasının vətəndaşları haqqında müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməlidirlər: "Azərbaycan vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi məqsədi ilə təyinat ölkələrinə gəldikdən sonra 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. Əgər həmin ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu yoxdursa, onlar 1 ay müddətində işləmələri barədə rəsmi sənədi Xarici İşlər Nazirliyinə göndərməlidirlər".

O deyib ki, xarici ölkələrdə işə düzəlmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyata alınmasını, bununla bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə bilərlər: "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı kütləvi informasiya vasitələrində doğru olmayan məlumatların yayılmasına görə hüquqi şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti