Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/
Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə nazirliyin rəhbərliyi və müxtəlif qoşun növlərinin komandanları, hərbi hissələrin zabitləri və xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları iştirak ediblər.
Mərasimdə müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Çingiz Məmmədov geniş nitq söyləyib.
Toplantıda iştirakçılar adından cəbhə bölgəsində yerləşən hərbi hissənin zabiti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinin həyat və fəaliyyəti, ömür yolu barədə çıxış ediblər.
Mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov yekun nitqi ilə tədbir iştirakçıları qarşısında çıxış edib.
Z.Həsənovun təsdiq etdiyi plana əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasimlər bu günlərdə şəxsi heyətin iştirakı ilə bütün hərbi hissələrdə geniş şəkildə qeyd olunacaq.