...

Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2014 15:50 (UTC +04:00)
Mayın 7-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Mayın 7-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad etmiş, ulu öndərin həyat və fəaliyyətini əks etdirən slayd və fotoguşə nümayiş etdirilmişdir.

Konfransda məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının müasir inkişaf tarixinin 30 ildən artıq dövrü dərin təfəkkürə və güclü iradəyə malik dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz şəkildə bağlıdır. Məhz onun mətinliyi və zəkası, dəyanəti və cəsarəti, qətiyyəti və qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarından üzüağ çıxaraq çətinliklərə sinə gərmiş, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilmişdir.

Heydər Əliyev Azərbaycan Respublikasının hələ Sovetlər İttifaqının tərkibində olduğu bir dövrdə, dahiyanə uzaqgörənliklə ölkəmizin gələcək müstəqilliyinin qüdrətli iqtisadi əsaslarını formalaşdıran və xalqımızın öz müstəqilliyi uğrunda mübarizəyə hazırlanması işinə hərtərəfli dəstək vermişdir. Dövlət müstəqilliyimizin qorunub saxlanılması uğrunda gərgin mübarizə dövrü kimi xarakterizə olunan 1993-1995-ci və hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırıldığı 1995-2003-cü illərdə ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində itirilmə təhlükəsi qarşısında qalan suverenliyimiz və məhvolma təhlükəsi ilə üzləşən dövlətçiliyimiz bugünkü və gələcək nəsillər üçün qoruyub saxlanılmaqla, Azərbaycan Respublikasında möhkəm ictimai-siyasi sabitlik bərqərar olunaraq hərətərəfli quruculuq işlərinin həyata keçirilməsi, demokratik, hüquqi və dünyəvi bir dövlət, vətəndaş cəmiyyətinin formalaşdırılması, qüdrətli iqtisadi potensialın yaradılması yolunda inamlı addımların atılması, ölkəmizin dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyası proseslərinin sürətləndirilməsi təmin edilmişdir.

Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycana xilasedici qayıdışı müstəqil tariximizin dönüş nöqtəsinə çevrilməklə, xalqın itirilmiş inamını özünə qaytarmış və gələcəyə olan ümidlərini artırmış, Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, qısa bir müddət ərzində dövlət və hakimiyyət böhranına, xaos və anarxiya şəraitinə son qoyulmuş, torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edilmişdir. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınmaqla əmin-amanlıq şəraiti formalaşdırılmış, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi neqativ təzahürlər aradan qaldırılmaqla kriminogen durum stabilləşdirilmişdir.

Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitlik yaradıldıqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkə miqyasında hərtərəfli iqtisadi islahatlara, bazar iqtisadiyyatına hərtərəfli keçidi şərtləndirən yeni iqtisadi siyasətin reallaşdırılmasına başlanılmışdır. Yeni neft strategiyasının uğurla reallaşdırılmasının nəticəsi olaraq, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və digər mühüm layihələrin reallaşdırılması təmin edilməklə, irimiqyaslı xarici investisiyaların respublikamıza axınına şərait yaradılmış, genişmiqyaslı özəlləşdirmə proqramının həyata keçirilməsi, uğurlu makroiqtisadi sabitləşmə siyasəti nəticəsində inflyasiyanın artım tendensiyasının qarşısı alınmış, Azərbaycanın dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyası, ən əsası əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda mühüm addımlar atılmaqla, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparılmışdır. Dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə əsaslanan və memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməli qoyulmuşdur, hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi yaradılmaqla qanunvericilik, icra və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Çoxpartiyalılıq əsasında demokratik seçkilər keçirilməsi təcrübəsinin formalaşdırılması, söz və mətbuat azadlığı, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının maneəsiz fəaliyyəti üçün bütün imkanların yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar olmuşdur.

Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının müəllifi kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Ümummilli lider Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə prokurorluq orqanlarının rəhbər vəzifəli şəxsləri ilə keçirdiyi müşavirədə prokurorluğun fəaliyyətində əvvəllər mövcud olmuş nöqsanların aradan qaldırılmasına yönəlmiş göstərişlərin yerinə yetirilməsi ilə əlaqədar aparılmış hərtərəfli islahatlar nəticəsində Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tam yenidən qurularaq dünya standartlarına cavab verən mühüm dövlət təsisatına çevrilmişdir.

Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət bu gün Prezident cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yeni inkişaf və təkmilləşmə dövrünün əsasını qoyan "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın təsdiq olunmasının əhəmiyyəti xüsusi qeyd edildi.

Bildirildi ki, Heydər Əliyev ideyalarına, onun müəyyən etdiyi amal və prinsiplərə uyğun olaraq hüquqi dövlət quruculuğu prosesini uğurla həyata keçirən Prezident cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin aparılmasını Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin ən önəmli istiqaməti kimi müəyyən etməsi, prokurorluq orqanlarına dövlət başçısı səviyyəsində göstərilən böyük etimadın təzahürüdür.

Bu gün Azərbaycan Respublikasının müstəqil və milli maraqlarını nəzərə alan xarici siyasət yürütməsinin nəticəsidir ki, dünya dövlətləri birliyində mövqelərimizi möhkəmləndirən və ölkəmizi mötəbər söz sahibi edən bir sıra diplomatik uğurlara imza atılmışdır. Belə ki, dünya birliyinə daxil olan 155 ölkənin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilmiş Azərbaycanın tarixdə ilk dəfə olaraq Şuranın iclaslarına sədrlik etməsi, cari ilin mayından Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin Azərbaycana keçməsi və digər əlamətdar tədbirlər beynəlxalq miqyasda əldə edilmiş möhtəşəm uğurların bariz nümunələri kimi hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi irsinin Azərbaycanın dövlətçilik tarixi baxımından hansı əhəmiyyətə malik olmasını bir daha təsdiq edir.

Xüsusi vurğulandı ki, prezident cənab İlham Əliyevin yürütdüyü dövlətçilik siyasəti, ümummilli lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsini əbədiləşdirən möhtəşəm tədbirlər kimi, onun müəyyənləşdirdiyi strateji inkişaf kursunun reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Belə ki, bütövlükdə Azərbaycanın və ayrı-ayrılıqda hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, sivil dövlət və vətəndaş cəmiyyəti formalaşdırılması yolunda irəliyə doğru inamlı addımlar atılmış, analoqu olmayan iqtisadi inkişaf göstəricilərinə nail olan ölkəmizin dünya dövlətləri birliyinə inteqrasiyası prosesləri sürətlənmiş, milli maraqlarımıza uyğun olan möhtəşəm iqtisadi layihələrin reallaşdırılması təmin edilmişdir. Son illər ərzində ciddi və yüksələn xətlə inkişafa nail olan Azərbaycan Respublikasında bu müsbət tendensiyalar 2014-cü ildə də eyni intensivliklə davam etməkdədir.

Çıxışının sonunda Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etmişdir ki, sivil və demokratik məzmunlu dövlət təsisatı kimi yenidən formalaşmasına görə ulu öndər Heydər Əliyevin şəxsiyyətinə borclu olan Azərbaycan Prokurorluğunun kollektivi onun ideyalarına sadiqdir və bütün səylərini həmin ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

Mərasimin sonunda ulu öndərin xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış "Ömür. Tale. Epoxa" adlı film nümayiş etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti