Azərbaycan, Bakı, 8 may /Trend/
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti ARDNŞ-nin Hyuston Azərbaycan Mərkəzi və Hyuston Universitetinin Enerji Assosiasiyası ilə birlikdə təşkiı etdiyi Azərbaycanın enerji siyasətinə həsr olunmuş müsabiqənin yekun tədbirində iştirak etmişdir.
BANM-dən Trend-ə verilən məlumata görə, bu müsabiqədə müxtəlif universitetlərin tələbələri həm komanda şəklində, həm də fərdi surətdə iştirak etmişlər. Onların qarşısında "Azərbaycan enerji sənayesinə nə cür qlobal təsir göstərə bilər?" mövzusunda təqdimatlar hazırlamaq tapşırığı qoyulmuşdu.
Amerikada təhsil alan müxtəlif ölkələrdən gəlmiş tələbələr Azərbaycanın tarixi, dövlətin siyasəti, iqtisadiyatı, biznes fəaliyyəti, ekologiyası və texnologiyaları ilə bağlı araşdırmalar aparmalı və təqdimatlarını məruzə etməli idilər. Bu təqdimatların qiymətləndirilməsinə isə ekspert kimi Hyustonda işləyən azərbaycanlı mütəxəssislər cəlb olunmuşdular.
Tədbirin əvvəlində Bakı Ali Neft Məktəbinin rektoru cənab Elmar Qasımov Amerika universitetlərinin tələbələrinin Azərbaycanla bağlı araşdırmalara maraqlarının təqdirəlayiq olduğunu bildirmiş, ölkəmizin dünya iqtisadiyyatında və siyasətində rolundan danışmış, onun Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırmış və müsabiqə iştirakçılarına uğurlar arzulamışdır.
Müsabiqənin qalibinə pul mükafatı təqdim olunacaq və o, Azərbaycana səfər edəcəkdir.
Elə həmin gün Enerji Asossiasiyasının rəhbəri cənab Mark Dear ilə müzakirələr aparılmış və hər iki tərəfin tələbələrin iştirakı ilə birgə layihələrin həyata keçirilməsi haqqında razılıq əldə edilmişdir.