Azərbaycan, Bakı, 9 may /Trend/
Azərbaycan Avtomobil Federasiyası (AAF) bu gün yeni loqosunu təqdim edib. Trend-in məlumatına görə, yeni loqo özündə mobillik, təhlükəsizlik və dinamikliyi ehtiva edir.
Qeyd edək ki, bu vaxtadək Azərbaycan Avtomobil İdman Federasiyası kimi mövcud olan təşkilat fəaliyyət istiqamətləri və məqsədlərini genişləndirib. Yeni vəzifə və fəaliyyət sahələrinə uyğun olaraq adı dəyişdirilən qurum Azərbaycan Avtomobil Federasiyası kimi fəaliyyətə başlayıb.
Azərbaycan Avtomobil Federasiyası avtomobil idmanı və turizmi, yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti iştirakçılarının hüquqlarının müdafiəsi, avtomobil sənayesi və nəqliyyat infrastukturu sahəsində yeni layihələrin həyata keçirilməsinə başlayıb.
Bu layihələr ölkə ərazisində yol hərəkəti təhlükəsizliyinin və mədəniyyətinin təmin olunmasına, möhkəmləndirilməsinə dəstək, təhlükəsiz, ekoloji təmiz və iqtisadi cəhətdən əlverişli nəqliyyat vasitələri ilə hərəkət etmək azadlığının təbliği və təşviqi məqsədi daşıyır.
Ölkədə yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliğ edilməsi, vətəndaşların, xüsusilə də azyaşlı və gənclərin yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirilməsi nəzərdə tutulur.
AAF yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı sahəsində ətraf mühitin mühafizəsinə yönələn tədbirlər istiqamətində müvafiq dövlət strukturları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsini, avtomobil turizminin və sənayesinin inkişafına dəstək və bu sahələrin təşviqinə yönəlik fəaliyyəti də qarşıya məqsəd qoyub.
AAF avtomobilin idarə edilməsi üzrə beynəlxalq mütəxəssislərin iştirakı ilə təlim-tədris mərkəzinin təşkili, avtomobilin təhlükəsiz, ekstremal şəraitdə idarə edilməsi üzrə təlimlərin keçirilməsini də nəzərdə tutur.
Xatırladaq ki, 2014-cü il fevralın 21-də Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Federasiyanın prezidenti seçilib.