...

"Azəriqaz" Gəncə qaz istismarı Sahəsinin rəisi haqqında yayılan videomateriallarla bağlı açıqlama verib

Cəmiyyət Materials 14 May 2014 11:41 (UTC +04:00)
"Azəriqaz" İstehsalat Birliyi son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Birliyin Gəncə qaz istismarı Sahəsinin rəisi haqqında yayılan videomateriallarla bağlı açıqlama verib.
"Azəriqaz" Gəncə qaz istismarı Sahəsinin rəisi haqqında yayılan videomateriallarla bağlı açıqlama verib

Azərbaycan, Bakı, 14 may /Trend/

"Azəriqaz" İstehsalat Birliyi son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Birliyin Gəncə qaz istismarı Sahəsinin rəisi haqqında yayılan videomateriallarla bağlı açıqlama verib.

İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda bildirilir: "Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin Gəncə qaz istismarı Sahəsinin (QİS) 9 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin keçmiş işçisi Mina Mirzəyevaya istinadən həmin Sahənin rəisi Rauf Qasımov haqqında böhtan dolu videomateriallar yayılmaqdadır. Bununla əlaqədar "Azəriqaz" İB bildirir ki, Gəncə QİS-də qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsində işləmiş M.Mirzəyeva ilə bağlanmış əmək müqaviləsinə Gəncə QİS-in 18.07.2013-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. Yəni M.Mirzəyeva tutduğu peşədən öz ərizəsinə əsasən azad edilmişdir".

Məlumatda qeyd olunur ki, M.Mirzəyevanın bir çox instansiyalara ünvanladığı müraciətlərin hamısı ətraflı araşdırılıb və məlum olub ki, o, heç vaxt Gəncə QİS rəhbərliyinin, o cümlədən sahə rəisi, rəis müavini və baş mühəndisin qəbulunda olmayıb, yalnız işlədiyi xidmət əməkdaşlarının iştirakı ilə QİS rəhbərliyinin yanında keçirilən iclaslarda iştirak edib: "Bu isə M.Mirzəyevanın dediklərinin həqiqətəuyğun olmadığını və böhtan xarakteri daşıdığını göstərir.

Bundan əlavə, qeyd etmək lazımdır ki, M.Mirzəyeva heç də iddia etdiyi kimi nümunəvi işçi olmamışdır. Əksinə, əmək funksiyası üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə 02.04.2012-ci il tarixində ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Lakin bundan heç bir nəticə çıxarmayan M.Mirzəyeva 29.05.2013-cü il tarixdə özbaşına, heç bir üzrlü səbəb olmadan xidmət göstərdiyi ərazini tərk etməklə müəssisədaxili intizam qaydalarının tələblərini kobud şəkildə pozmuş və ona yenidən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir".

İB onu da bildirir ki, R.Qasımov tərəfindən ona guya ki, əxlaqsız təklif olunduğunu iddia edən M.Mirzəyeva işlədiyi müddət ərzində heç vaxt bu barədə yuxarı rəhbərliyə və hüquq-mühafizə orqanlarına müraciət etməyib: "Yalnız işdən çıxdıqdan sonra yenidən işinə qayıtmaq barədə etdiyi müraciətlər təmin olunmadıqda qarayaxma kampaniyasına başlamış və müxtəlif instansiyalara müraciətlər ünvanlamışdır. Bu faktın özü də M.Mirzəyevanın şantaj və böhtan yolunu seçdiyinə daha bir sübutdur.

Qeyd edək ki, R.Qasımov tərəfindən şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi tələbi ilə Gəncə şəhər Kəpəz rayon məhkəməsinə müraciət olunmuşdur. İşə məhkəmədə baxılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti