...

Bakının yol polisi bəzi valideynlərə xəbərdarlıq edir

Cəmiyyət Materials 26 May 2014 12:07 (UTC +04:00)
Bakının yol polisi "Son zəng" günü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.
Bakının yol polisi bəzi valideynlərə xəbərdarlıq edir

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İzzət/

Bakının yol polisi "Son zəng" günü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, Bakıda məktəblərdə keçiriləcək "Son zəng" tədbirləri ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi mayın 30-31-də gücləndirilmiş iş rejimində çalışacaq: "Bakı şəhərinin inzibati ərazisindəki küçə və yollara bitişik bütün tədris müəssisələri, məktəblər nəzarətə götürülməklə müvafiq tədbirlər həyata keçiriləcək. Sürücülük vəsiqəsi olmadan azyaşlıların avtomobilləri idarə etməsinin, eləcə də müəssisələr ətrafında dayanma-durma qaydalarının pozulmasının qarşısının alınması məqsədilə şəxsi heyət bu istiqamətlərdə müvafiq tədbirlər görəcək. Ona görə də təhsil ocaqları ətrafındakı küçə və yollarda nəqliyyat sıxlığının yaşanmaması üçün yol polisi avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, diqqətli olsunlar, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".

Bölmə rəisi qeyd edib ki, 2013-cü ildə 17 şagird avtomobili qanunsuz idarə etdiyi üçün saxlanılmışdı. Bir halda isə sürücülük vəsiqəsi olmayan şagirdin idarə etdiyi avtomobillə piyada vurulmuşdu: "Belə halların olmaması üçün bir daha əhalini, paytaxt sakinlərini diqqətli olmağa, xüsusilə avtomobili olan valideynləri övladlarının avtomobili idarə etməsinə yol verməməyə çağırırıq. Unutmayın ki, avtomobilin idarə edilməsini sürücülük vəsiqəsi olmayan şəxsə etibar etdiyinə görə avtomobil sahibi də qanunla məsuliyyət daşıyır".

Qeyd edək ki, 2013-2014-cü tədris ilində respublikada ümumtəhsil məktəblərinin IX sinfini 118 206 nəfər, XI sinfini isə 86 797 nəfər şagird bitirəcək. Bu tədris ilində Azərbaycanda qiyabi (axşam) ümumtəhsil müəssisələrinin XII sinfini 754 nəfər şagird bitirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti