Azərbaycan, Bakı, 29 may /Trend/
28 may 2014-cü il tarixdə Quba rayonunda yerləşən "Yaşıl teatr" da VIII "Tələbə baharı" Festivalının Qala konserti keçirildi.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Quba İcra hakimiyyətinin rəsmisi, ATGTİ-nin sədri Şahin İsmayılov və digər şəxslər iştirak edirdilər.
Festivalın keçirilməsində məqsəd, tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaqdır. Asudə vaxtın səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılması da əsas istiqamətlərdən biridir.
2006-cı ildən bu günə kimi Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi "Tələbə baharı" festivalının iştirakçıları arasında 2009-cu ildə "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı fəxrlə təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə, 2011-ci ildə "Eurovision" qalibiyyətini Azərbaycana bəxş edən Eldar Qasımov da olub.
Qeyd edək ki, 2-3 aprel tarixlərdə Festivalın seçim mərhələləri keçirilmiş və seçim turlarında 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiylar üzrə öz istedadlarını ən mükəmməl şəkildə nümayiş etdirmişlər.
Quba şəhərində baş tutan festivalda 9 universitetin 200-dən çox tələbəsi 28 nömrə təqdim edib.
Festivalın sonunda iştirakçılara Gənclər və idman nazirliyinin diplomları və hədiyyələr təqdim olundu.