...

İSO gənc peşəkarlar üçün müsabiqə elan edir

Cəmiyyət Materials 30 May 2014 14:18 (UTC +04:00)
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Katibliyi Almaniya Standartlaşdırma İnstitutunun (DIN) maliyyə dəstəyi ilə gənclər arasında müsabiqə elan edir.
İSO gənc peşəkarlar üçün müsabiqə elan edir

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Katibliyi Almaniya Standartlaşdırma İnstitutunun (DIN) maliyyə dəstəyi ilə gənclər arasında müsabiqə elan edir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Standartlaşdırma Təşkilatının Katibliyi (ISO) Almaniya Standartlaşdırma İnstitutunun (DIN) maliyyə dəstəyi ilə inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdəki gənc peşəkarlar üçün müsabiqə elan edir.

Müsabiqənin məqsədi inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdəki gənc peşəkarların beynəlxalq standartlaşdırmada iştirak etmələrini həvəsləndirməkdən, təhlükəsiz və davamlı iqtisadi inkişafı təşviq etmək üçün standartların əhəmiyyəti barədə məlumatlılığı artırmaqdan ibarətdir.

Müsabiqədə iştirak etmək üçün iştirakçılar "Davamlı enerjinin gələcəyi-təhdidin aradan qaldırılmasına standartlar necə kömək edir?" mövzusunda inşa və 2 dəqiqəlik video hazırlamalıdırlar. İnşanın həcmi 3000 sözdən (şəkillər, cədvəllər, diaqramlar daxil olmaqla) artıq olmamaq şərti ilə ingilis dilində yazılmalı və aşağıdakı məlumatlar ilə müşayiət olunmalıdır: ad, soyad, doğum tarixi, ünvan, ölkə, elektron poçt ünvanı, işlədiyi təşkilat və vəzifəsi. Qeyd edək ki, hər bir iştirakçı müsabiqəyə yalnız 1 inşa təqdim edə bilər və həmmüəllifli inşalar müsabiqəyə qəbul edilmir. İnşalar cari ilin iyun ayının 27-nə qədər elektron formada [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müsabiqənin qalibi cari ilin 10 sentyabr tarixində Beynəlxalq Standartlaşdırma Təşkilatının Braziliyada keçiriləcək Baş Assambleyasında elan olunacaqdır. Qalib bütün xərcləri ödənilməklə 1 həftəlik Berlin şəhərinə dəvət olunacaq və burada həmin şəxsə təlim keçiləcək, Almaniya Standartlar İnstitutu tərəfindən həyata keçirilən standartlar ilə bağlı müxtəlif idarəetmə fəaliyyətləri nümayiş olunacaqdır. Bundan başqa qalibin Beynəlxalq Standartlaşdırma Təşkilatının Cenevrə şəhərində yerləşən katibliyinə səfəri təşkil olunacaqdır.

Qeyd edək ki, ərizəçilər nəşr edilmə hüquqlarını Beynəlxalq Standartlaşdırma Təşkilatına verirlər. Qalib elan edilən inşa Beynəlxalq Standartlaşdırma Təşkilatının rəsmi internet səhifəsində yerləşdirilə, eyni zamanda həmin inşanın xülasəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının jurnalında çap oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti