...

"Gənc nəsil hər cür zorakılığa qarşı!" mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 30 May 2014 16:40
Bu gün Azərbaycan Universitetində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının, Azərbaycan Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Gənc nəsil hər cür zorakılığa qarşı!” mövzusunda tədbir keçirilib.
"Gənc nəsil hər cür zorakılığa qarşı!" mövzusunda tədbir keçirilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 may /Trend/

Bu gün Azərbaycan Universitetində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının, Azərbaycan Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə "Gənc nəsil hər cür zorakılığa qarşı!" mövzusunda tədbir keçirilib.

Tədbirdə universitetin rektoru Eldar Qəhrəmanov açılış nitqi söyləyib. O, zorakılığın gətirdiyi bəlalardan, gənclərin öz üzərində işləməsinin cəmiyyət və onların gələcək həyatlarında verə biləcəyi xeyirdən danışdı. O bildirdi ki, mədəni mühitdə zorakılıqdan söhbət gedə bilməz: "Zorakılıq ailədən başlayır, cəmiyyətdə özünü büruzə verir. Zorakılığa qarşı hər birimiz mübarizə aparmalıyıq".

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın "Gənc nəsil və milli mənəvi dəyərlər" mövzusunda məruzəsi dinlənildi. Natıq dedi ki, son zamanlar ölkəmizdə əsasən məişət zorakılıq halları artıb: "2012-ci ildə məişət zorakılığı haqqında qanun qəbul edildi. Bu qanun qəbul edilən zaman Milli Məclisdə hesab edirdilər ki, Azərbaycan ailəsi dünyada nümunə ola biləcək ailədir. Amma bu belədirmi? Araşdırmadan aydın oldu ki, bu heç də belə deyil".

S.Qəhrəmanovanın fikrincə, zorakılığın kökündə mədəniyyətsizlik durur. O, milli mənəvi dəyərlərin qorunması və müasir ailənin bu dəyərlərə söykənməsinin vacibliyini bildirdi.

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova "Zorakılığın qarşısının alınmasında mətbuatın rolu" haqqında danışdı. Xanım S.Yusifovanın fikrincə, əvvəlcə "zorakılıq nədir" sualının cavabını bilməliyik ki, sonra ona qarşı mübarizə aparmağımız effektiv nəticə versin: "Zorakılığın hansı növləri var? Biz özümüz şəxsən kiməsə qarşı hansısa zorakılıq tətbiq edirikmi? Bunları düşünən şəxs başqasına qarşı zorakı əməldən çəkinər".

S.Yusifova Azərbaycan mediasının bu sahədə gördüyü işləri qənaətbəxş hesab etdi: "Media zorakılıqla bağlı müntəzəm olmasa da, ildə bir neçə dəfə araşdırma aparır. Faktlar heç də ürəkaçan deyil. Əgər bugünkü gənc öz hüquqlarını bilməsə, sabah, əlbəttə, o, zorakılığa məruz qalacaq və yaxud hansısa təzyiqlərin qurbanına çevriləcək. Məndən öncə natıqlərin səsləndirdikləri fikirlərlə tamamilə razıyam. Mədəniyyət toplumu xilas edə bilər. Mədəniyyət insanın davranışlarını tənzimləyir. Mədəniyyət isə təhsillə, ailə tərbiyəsi ilə əxz olunur".

S.Yusifova dedi ki, təbii olaraq bu gün mediadan gözləntilərimiz çox böyükdür: "Amma gəlin etiraf edək ki, artıq ənənəvi medianı izləyənlərin sayı azalıb. Əhalinin demək olar ki, yarıdan çoxu xəbəri internet üzərindən alır. Gənclərin ən çox istinad yeri sosial mediadır. Sizin gün ərzində vaxtınızın böyük qismi sosial mediada keçir. Siz bir "facebook" və s. internet şəbəkəsinin üzvü kimi xəbər yaymaq rolunu ifa edirsiniz. O zaman, gəlin, elə bu toplantının sonunda yığışaq, bir "facebook" səhifəsi yaradaq və həmin səhifədə zorakılığa qarşı aksiya təşkil edək. Zorakılığın sonunun cinayətə aparmasını digər həmyaşıdlarımıza başa salaq, ekspertlərin elmi araşdırmalarını yayıb maarifləndirmə işini quraq. Bu cür işlər sonunda adekvat olaraq yaşadıgımız cəmiyyətin mədəni mühitə çevrilməsinə səbəb olacaq".

Azərbaycan Universiteti Sosial İş Proqramının koordinatoru Aygün Musayeva "Zorakılığın sosial-psixoloji aspektləri"nə diqqət çəkdi. O, Dünya Səhiyyə Təşkilatının son illər apardığı araşdırmaların nəticələri haqqında məlumat verdi.

Azərbaycan Universitetinin müəllimi, hüquqşünas, Azərbaycan Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Səyyad Məcidov "Zorakılığa məruz qalmış insanların hüquqlarının müdafiəsi" mövzusunda çıxış edərək vətəndaşların zorakılığa məruz qaldıqda atacağı addımlar haqqında məlumat verdi.

Sonda tələbələrin fikirləri dinlənildi və onları maraqlandıran suallara cavab verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti