...

Azərbaycanda məhkum öz istəyi ilə 24 saat açıq havada gəzə biləcək

Cəmiyyət Materials 30 May 2014 16:57 (UTC +04:00)
Azərbaycanda heç bəzi inkişaf etmiş ölkələrdə belə olmayan müasir penitensiar müəssisələr tikilir. Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov deyib.
Azərbaycanda məhkum öz istəyi ilə 24 saat açıq havada gəzə biləcək

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanda heç bəzi inkişaf etmiş ölkələrdə belə olmayan müasir penitensiar müəssisələr tikilir. Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov deyib.

İdarə rəisinin fikrincə, məsələn, yeni istifadəyə verilmiş Şəki Penitensiar Kompeksi kimi müasir müəssisə heç Avropa ölkələrinin çoxunda yoxdur: "Onun üstün xüsusiyyətlərindən biri də budur ki, orada eyni zamanda həm ciddi rejim, həm ümumi rejim, həm də istintaq təcridxanası var".

R.Ramazanov qeyd edib ki, hazırda daha bir müasir penitensiar müəssisə Lənkəranda inşa edilir və oranın ən müasir tələblərə cavab verməsi üçün artıq tamamlama işləri aparılır. Bundan başqa, Gəncədə 1500 nəfərlik böyük penitensiar kompleks tikilir. Daha bir penitensiar müəssisənin isə Kürdəmirdə inşa edilməsi planlaşdırılır: "Bu müəssisələr inşa edilərkən, oradakı iqlim və coğrafi mühit nəzərə alınır. Cəzaçəkmə müəssisələrinin bölgələrə köçürülməsində məqsəd odur ki, məhkumların doğmaları ilə, əzizlərinin məhkumlarla əlaqə saxlamasında çətinlik yaranmasın. Bir var, 50-60 km məsafə qət edəsən, bir də var ucqar rayonlardan durub Bakıya gələsən".

O, yaxın gələcəkdə Qobustan Həbsxanasının yerinin dəyişdiriləcəyini də açıqlayıb: "Bu gün həmin həbsxananın olduğu yer Qobustan Dövlət Tarix-Bədii Qoruğunun ərazisinə düşdüyünə görə həmin müəssisə Umbakı və Səngəçal qəsəbələrinin yaxınlığındakı əraziyə köçürüləcək. Artıq orada işlər demək olar ki, başa çatmaq üzrədir. Vaxtilə cəzaçəkmə müəssisələrində məhkumlar üçün gəzinti sutkada 1 saat idisə, indi bütün kameraların qarşısında gəzinti sahəsi olacaq və məhkum istəsə, 24 saat açıq havada gəzə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti