...

Meşginşəhr – İranın Ərdəbil əyalətinin tarixi şəhəri (FOTO)

Cəmiyyət Materials 2 İyun 2014 12:15 (UTC +04:00)
Meşginşəhr şəhəri Savalan dağının ətəyində yerləşən qədim Azərbaycan şəhəridir. Azərbaycanın Biləsuvar rayonundan təxminən 160 kilometr uzaqlıqda yerləşən və İmişli rayonu ilə 56 kilometr müştərək sərhədə malik Meşginşəhr Ərdəbil əyalətinin ən böyük şəhərlərindən biridir.
Meşginşəhr – İranın Ərdəbil əyalətinin tarixi şəhəri (FOTO)

İran, Meşginşəhr, 2 iyun /Trend, müxbir T.Cəfərov/

Meşginşəhr şəhəri Savalan dağının ətəyində yerləşən qədim Azərbaycan şəhəridir. Azərbaycanın Biləsuvar rayonundan təxminən 160 kilometr uzaqlıqda yerləşən və İmişli rayonu ilə 56 kilometr müştərək sərhədə malik Meşginşəhr Ərdəbil əyalətinin ən böyük şəhərlərindən biridir.

Əhalisinin böyük əksəriyyəti azərbaycanlıdır və Azərbaycan dilində danışırlar. Şəhər daha çox yeraltı qeyzerləri ilə məşhurdur. Meşginşəhr yerin altından çıxan isti suları ilə məşhurdur. Şəhər rəhbərliyi də ərazinin məhz bu xüsusiyyəti ilə bu bölgəyə daha çox turist cəlb etmək niyyətindədir.

Qaynarca isti su bulağı

Qaynarca deyilən isti su bulağında suyun temperaturu 86 dərəcəyə qədər yüksəlir. "Yumurtanı suya salırsan, bişib çıxır" deyimi də məhz bu bulaqla əlaqədar yaranıb desək yanılmarıq. Yumurtanı istənilən yerdə asanlıqla bişirmək mümkün olsa da, bura gələn istənilən turist maraq xatirinə suda yumurta bişirir. Amma bu bulağın ən vacib xüsusiyyəti onun müalicəvi əhəmiyyətinin olmasıdır. Bulağın suyu yaxınlıqdan keçən soyuq çayla qarışdırılıb və hovuzlar yaradılıb. Bu bulağın suyunun revmatizm, bel, ayaq ağrılarına kömək etdiyi deyilir. Həftə sonları digər şəhərlərdən və qonşu ölkələrdən bura çox sayda insan üz tutur. Onlar bu bulağın suyunun həqiqətən də ağrılarının müalicəsinə xeyir etdiyini deyirlər. Şəhərin Mədəniyyət Şöbəsi hesab edir ki, əgər bu bulaq ətrafında istirahət mərkəzinin tikintisinə daha çox sərmayədar cəlb olunsa, insanlara daha yaxşı xidmət göstərilər və xeyli insan bu bulağın üstünlüklərindən yararlana bilər. Həmçinin şəhərə çoxlu turist cəlb olunar. Onlar sərmayədarların qonşu və qardaş ölkə Azərbaycandan olmasında daha çox maraqlıdırlar. İrana müalicə üçün üz tutan ən çox insan da məhz Azərbaycandan gəlir.

Meşginşəhrdə bu kimi yeraltı qeyzerlər çoxdur. İlanbö adlı bulağın ətrafında da sadə bir sanatoriya qurulub. Sərmayədarlara qapılarını geniş açan bu sanatoriyanı çox sadə və səmimi bir ailə idarə edir. Onlar isə bu suyun sinir və ürək xəstəliklərinə xeyir etdiyini deyirlər. Qadınlar isə bura daha çox dərilərini təravətləndirmək üçün gəlirlər. Onların hovuzları ayrı olsa da və bizim İrandakı qadın hovuzunu çəkmək şansımız sıfıra bərabə olsa da, sanatoriyadan bizə belə dedilər.

Başqa bir su isə Qotursu adlı bulaqdır. Bu bulağın çıxdığı və qadınların istifadə saatı olduğundan hovuzun düzəldildiyi yeri görməsək də, suyu müalicəvi edən kükürdün iyini yaxşıca hiss etdik. Kükürd isə ətəyində bulağın qaynadığı dağın zirvəsindədir. Su isə onu yuyaraq aşağıda bulaq şəklində üzə çıxır. Bizə ora çıxmağın qeyri-mümkün olduğunu dedilər. Oradan kükürd toplamaq üçün xüsusi insanlar maskalarda dağa çıxırlar. Həmin zonada əmələ gələn qaz insanı ölümcül boğa bilər.

Şəhəryeri

Meşginşəhr təkcə bulaqları ilə deyil, yeraltı və yerüstü abidələri ilə də məşhurdur. Burada 600-dən çox tarixi abidənin olduğu bildirilir. Təxminən 8 min illik tarixi olduğu deyilən Şəhəryeri adlı ərazidə 1978-ci ildə qazıntılar aparılıb. Alman arxeoloq Çarlz Bernin işi nəticəsində bu ərazidə qədim məqbərə üzə çıxarılıb. Daha sonra İran arxeoloqları burada xeyli iş aparıblar və 280 sal daşı aşkar ediblər. Bunlar çox unikal daşlardır. Üzərilərində əl, göz, burun, xəncər təsvirləri var, lakin bircə ağız göstərilməyib.

İranın Mədəni İrs və Tarixi Abidələrin Qorunması Təşkilatının nümayəndəsi Möhsün Naqilinin sözlərinə görə, bu ərazinin məqbərə olduğu ehtimal edilir və sal daşlarının üzərindəki təsvirlərdə ağızın olmamasına səbəb içəri girəndə insanların ehtirama dəvət edilərək sükut etməsi göstərilir. Daşların boy ölçülərində də fərq var. Bunun isə əsgərlərin vəzifəsinə uyğun olduğu ehtimal edilir. Daşların qarşısında qoyulmuş lay daşlar isə nəzir-niyazlar üçündür. M.Naqili deyir ki, əslində bu yeraltı abidənin 10 faizi işlənilib. Abidənin tam işlənməsi üçün böyük arxeoloji heyət və maliyyə vəsaiti tələb olunur. Üzə çxarıldıqdan sonra abidələr təbii hadisələrdən qorunmadığından bir qədər defarmasiyaya uğramışları və tərkibini dəyişənləri də var, lakin hazırda onun üstünü bağlamaq və muzeyə çevirmək istiqamətində iş aparılır.

Meşginşəhr bir İslam ölkəsinin qədim şəhəridir. Təbii olaraq bura imamzadələri ilə də məşhurdur. Seyid Süleyman məqbərəsi İmam Rzanın qardaşının adına qurulub. Onların bir bacısı Həzrəti Həkimə xatunun qəbri isə Azərbaycandakı məşhur Bibiheybət məscidindədir. İmamzadə hazırda yenidənqurma prosesindədir. İmamzadənin imam camaatı bir neçə gün öncə bir qrup azərbaycanlının bu imamzadəni ziyarət etdiyini dedi. Müqəddəs Məşhəd şəhərinə gedən ziyarətçilər mütləq bu imamzadəni də ziyarət edirlər.

Şeyx Heydər məqbərəsi

Meşginşəhrin mərkəzində ən qədim abidəni soruşsaq, yəqin ki, hər kəs Şeyx Heydər məqbərəsini göstərər. Məhz Səfəvilər dövlətinin birinci hökmdarı Şah İsmayılın atası Şeyx Heydərin şərəfinə adlandırılmış məqbərə. Əslində onun qəbri bu məqbərədə deyil. Üstündəki yazılara əsasən, bu məqbərə Elxanilər dövründə tikilib. Şehx Heydərin dövründə əsaslı təmir olunduğundan insanlar məqbərəyə hörmət əlaməti olaraq onun adını veriblər. Məqbərənin içərisinə daxil ola bilmədik, amma M.Naqilinin dediyinə görə, içəridə 7 qəbir var və qəbirlərin üzərindəki yazılar pozulduğundan kimlərə aid olduğu bilinmir. Bu qəbirlərin Qızılbaşlardan olan mötəbər insanlara aid olduğu ehtimal edilir. Məqbərənin günbəzi yoxdur. Rusiya-İran müharibəsi dövründə qarşı tərəf top atəşi ilə günbəzi dağıdıb.

Qəhqəhə qalası

Qəhqəhə qalası Meşginşəhr şəhərinin təqribən 85 kilometrliyində çox uca bir dağın zirvəsində inşa olunub. Bu qala dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşir. Qalanın Babək dövründə gündüzlər tüstü vasitəsilə, axşamlar isə ot yandırmaqla xəbərləşmək üçün istifadə olunduğu deyilir. Sonradan bura Səfəvilər dövründə yenidən qurularaq zindan kimi istifadə olunub. Qalada içməli suyu təmin etmək üçün 10-dan çox su anbarı mövcuddur ki, yağış yağarkən həmin anbarlar su ilə doldurulub sonradan istifadə olunurmuş. Ehtimal olunur ki, yağıntılar olmayan zaman bu qalaya qatır və yük heyvanları ilə qonşu kəndlərdən su gətirilirmiş. Səfəvilər dövründə bu qala zindan kimi istifadə olunub. Burada II Şah İsmayıl, İsmayıl Mirzə, Əmirxan və Türk hakimlərindən bir neçəsi məhbus həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti