...

Gəncədə baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün fövqəladə komissiya yaradılıb (FOTO)

Cəmiyyət Materials 11 İyun 2014 09:33 (UTC +04:00)
Dünən saat 22:00 radələrində Gəncədə güclü küləklə müşahidə olunan yağış yağıb. Təxminən 15 dəqiqədən sonra leysanla əvəzlənib.
Gəncədə baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün fövqəladə komissiya yaradılıb (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Dünən saat 22:00 radələrində Gəncədə güclü küləklə müşahidə olunan yağış yağıb. Təxminən 15 dəqiqədən sonra leysanla əvəzlənib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, güclü yağış nəticəsində şəhərin bəzi küçə və yollarında böyük gölməçələr yaranıb, yollarda avtomobillərin hərəkətində problemlər yaşanıb.

Təbiət hadisəsi nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəyib. 1000-dən artıq fərdi yaşayış evini su basıb, 100-ə yaxın yaşayış evinin dam örtükləri dağılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin bildirdiyinə görə, Gəncənin elektrik, qaz, su, kanalizasiya və rabitə təsərrüfatının böyük hissəsinə ciddi ziyan dəyib. Külək nəticəsində 200-dən artıq iri gövdəli ağac aşaraq küçə və prospektlərdə avtomobillərin hərəkətini məhdudlaşdırıb, 50-yə qədər avtomobilə zərər dəyib.

Baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Gəncə şəhər İcra Hakimiyyətində fövqəladə komissiya yaradılıb. İlkin araşdırma zamanı şəhərin 27 qaz təsərrüfatının, 30-dan artıq yarımstansiyanın sıradan çıxdığı məlum olub.

Elmar Vəliyevin bildirdiyinə görə, qaz təsərrüfatında 27 yerdə böyük dağıntılar var. Şəhər ərazisinin təxminən 80%-də işıq yoxdur. Su-kanalizasiya sistemində problemlər aradan qaldırılır. Eyni zamanda, FHN-in aidiyyəti qurumları ərazilərdə xidmət aparır. Su basmış evlərin, dam örtükləri dağılmış binaların siyahısı tərtib olunur. Güclü külək nəticəsində 100 illik çinar ağacları aşıb.

Gecə saat 01:30 radələrində Gəncənin bir hissəsinə elektrik enerjisinin verilişi təmin olunub, qaz təsərrüfatında yaranan ciddi problemlərin aradan qaldırılması istiqamətində iş aparılır. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnika və canlı qüvvəsi də gecə saatlarında küləyin və yağışın törətdiyi fəsadların aradan qaldırılmasına çalışıb.

Qeyd edək ki, Gəncədə baş verən təbii fəlakətin aradan qaldırılması, eləcə də dəymiş ziyanın məbləğinin hesablanması üçün paytaxtdan xüsusi yaradılmış komissiya ezam olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti