...

Gəncədə təbii fəlakətdən zərər çəkən evlərin bərpasına başlanıldı (FOTO) (VIDEO)

Cəmiyyət Materials 13 İyun 2014 10:54 (UTC +04:00)
Təbii fəlakət nəticəsində dam örtüyü sıradan çıxmış ictimai və fərdi yaşayış evlərində yeni dam örtüklərinin qurulmasına başlanıldı. İki həfət ərazində zərər görmüş bütün evlərin dam örtüklərinin yenidən qurulması planlaşdırılır.
Gəncədə təbii fəlakətdən zərər çəkən evlərin bərpasına başlanıldı (FOTO) (VIDEO)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Təbii fəlakət nəticəsində dam örtüyü sıradan çıxmış ictimai və fərdi yaşayış evlərində yeni dam örtüklərinin qurulmasına başlanıldı. İki həfət ərazində zərər görmüş bütün evlərin dam örtüklərinin yenidən qurulması planlaşdırılır. Bu barədə Trend-ə Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib.

İyunun 10-da axşam saatlarında leysan yağışları ilə müşayiət olunan güclü küləyin Gəncədə törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər sürətlə davam etdirilir.

Xəbər verildiyi kimi, hadisə zamanı ağacların yola aşması nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyətlər olmuş, bəzi sahələrdə, xüsusən X.Xasməmmədov, Mirzə Abbas Abbaszadə, Əttarlar küçələrində, həmçinin Şah Abbas məscidinin həyətindəki nəhəng çinar ağacları küləyin təsirindən yıxılaraq ciddi ziyan vurmuşdur. Bundan əlavə, evlərə su dolmuş, 1000-dək evin dam örtüyü sıradan çıxmış, çoxlu sayda avtomobilə ziyan dəymişdir. Hətta insanlar arasında xəsarət alanlar da olmuşdur.

Artıq üç gündür ki, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Şəhər qaz istismar sahəsinin qəza xidmətinin rəis müavini Azər Bayramov bildirmişdir ki, təbii fəlakət zamanı qaz xətləri sıradan çıxdığı üçün 27 sahədə təcili olaraq təbii qazın verilişi dayandırılmışdı. Hazırda onların 90 faizi bərpa edilmişdir.

Gəncə elektrik şəbəkəsinin rəis əvəzi Ramiz Allahverdiyev bildirmişdir ki, ağacların qırılması nəticəsində 610 kilovatlıq xətlərdə dayaqlar sıradan çıxmışdı. Qısa vaxt ərzində həmin xətt də bərpa edilərək istismara verilmişdir.

Təbii fəlakətin vurduğu ziyanın müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin bir qrup mütəxəssisi artıq Gəncəyə gəlmişdir. Nazir müavini Orucəli Hacıyevin rəhbərliyi ilə xüsusi komissiya təbii fəlakətin Gəncədə yaratdığı fəsadlarla yerində tanış olmuşdur.

Təbii fəlakətdən ziyan çəkən vətəndaşlara bildirilmişdir ki, araşdırmalar yekunlaşdıqdan sonra dəyən ziyan tez bir vaxtda aradan qaldırılacaqdır.

Komissiya üzvləri yerindəcə aktlar tərtib edərək ziyan dəymiş evləri siyahıya alırlar.

https://www.youtube.com/watch?v=SIUhsY8o5lo&feature=youtu.be

Məqalədə:
Xəbər lenti

Xəbər lenti