...

Zakir Həsənov: "İctimaiyyət arasında çaşqınlıq yarada biləcək məlumatların yayılmasını yolverilməz hesab edirik"

Cəmiyyət Materials 25 İyun 2014 10:47 (UTC +04:00)
"Biz sağlam tənqidin, düzgün iradın, məsuliyyət və peşəkarlığın tərəfdarıyıq. Ancaq bu məsələlərdə qərəz, ayrı-seçkilik, dəqiqləşdirilməmiş, ictimaiyyət arasında çaşqınlıq yarada biləcək məlumatların yayılmasını yolverilməz hesab edirik".
Zakir Həsənov: "İctimaiyyət arasında çaşqınlıq yarada biləcək məlumatların yayılmasını yolverilməz hesab edirik"

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

"Biz sağlam tənqidin, düzgün iradın, məsuliyyət və peşəkarlığın tərəfdarıyıq. Ancaq bu məsələlərdə qərəz, ayrı-seçkilik, dəqiqləşdirilməmiş, ictimaiyyət arasında çaşqınlıq yarada biləcək məlumatların yayılmasını yolverilməz hesab edirik". Trend xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzərTAc-a müsahibəsində deyib.

Nazir Silahlı Qüvvələrdə xidməti məlumatların açıq şəkildə yayılmasının da əleyhinə olduğunu bildirib: "Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyətin nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək hərbi hissələrin nömrələrinin, təyinatının, dəqiq dislokasiya yerlərinin göstərilməsinin, Silahlı Qüvvələrdə təyin edilmə və xidmət üzrə yerdəyişmə barədə məlumatlarda şəxslərin adının, soyadının, hərbi rütbəsinin, vəzifəsinin və barələrində digər fərdi məlumatların yayılmasının yolverilməzliyini dəfələrlə tövsiyə etməsinə baxmayaraq, vəziyyət bu gün də dəyişməz olaraq qalır".

Bundan əlavə, Zakir Həsənov Azərbaycan KİV-nin Ermənistan mediasının qərəzli məlumatlarına istinad etməsinin də doğru olmadığını deyib: "Bəzi kütləvi informasiya vasitələri Ermənistan mediasının Silahlı Qüvvələrimiz haqqında yazdığı qərəzli informasiyaları tərcümə edərək ölkə ictimaiyyətinə çatdırır və Ordumuz haqqında qeyri-obyektiv fikrin formalaşmasına cəhd göstərirlər. Bir daha diqqətə çatdırıram ki, media nümayəndələri bu cür məsələlərə milli təhlükəsizliyin qorunması baxımından yanaşaraq vətəndaş mövqeyindən çıxış etsələr, daha yaxşı olardı".

Zakir Həsənov qeyd edib ki, müdafiə naziri vəzifəsinə təyin olunduqdan sonra onun mətbuatla bağlı ilk göstərişlərindən biri münasibətlərin dövlət sirlərinin qorunmasını təmin etməklə qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında qurulmasından ibarət olub.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin fəaliyyəti haqqında, baş verən hadisələr, ictimaiyyət üçün maraqlı olan məlumatlara aydınlıq gətirilməsi məqsədilə mətbuat xidməti hər gün Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə operativ surətdə informasiyalar yayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti