Azərbaycan, Bakı, 8 avqust /Trend/
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında millət vəkili S.Mehbalıyevin Azərbaycanda səfərdə olan Belarus Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyəti ilə görüşü olub.
AHİK-dən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan S.Mehbalıyev hər iki ölkənin həmkarlar ittifaqı təşkilatları arasındakı sıx əməkdaşlıq əlaqələrinin artan müstəvidə inkişaf etməsindən məmnunluğunu ifadə edərək deyib ki, bu əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi təkcə ölkələrimizin deyil, həm də beynəlxalq həmkarlar ittifaqı hərəkatının daha da qüdrətlənməsi yolunda atılan mühüm addımdır. Bir müddət bundan öncə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyətinin Belarusa səfəri əməkdaşlığımızın daha da möhkəmlənməsinə yeni bir töhfə olubdur.
Cavab görüşü olaraq ölkəmizdə qonaq olan Belarus nümayəndə heyəti avqustun 4-də Azərbaycana gəlib, buradakı həmkarlarının fəaliyyəti və iş təcrübəsi ilə yaxından tanış olublar.
Qonaqlar səfər çərçivəsində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçilərinin Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən "Ülfət" istirahət kompleksi ilə tanış olub, oradakı şəraitdən razı qaldıqlarını bildiriblər. Daha sonra Qubadakı Soyqırım Memorial Komleksini ziyarət edib, Qusarda yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksi ilə tanış olublar.
Qonaqlar həmçinin Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, daha sonra Şəhidlər Xiyabanında şəhidlərin xatirəsini yad ediblər.