...

Azərbaycan tarixi ensiklopediya şəklində yenidən yazılır

Cəmiyyət Materials 12 Avqust 2014 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu Azərbaycan tarixini ensiklopedik formada 15-20 cildlik kitablar şəklində yenidən yazmağı planlaşdırır.

İnstitutun direktor müavini Cəbi Bayramov Trend-ə bildirib ki, Azərbaycanın çox zəngin tarixi var və bununla əlaqədar materiallar da 15-20 cildlik kitabın hazırlanmasına imkan verir. Çoxcildlik "Azərbaycan tarixi" kitabının yazılması ilə bağlı təkliflər artıq Tarix İnstitutunun Elmi Şurasında və AMEA-nın Rəyasət Heyətində müzakirə edilib.

C.Bayramov deyib ki, 2003-cü ildə 7 cildlik "Azərbaycan tarixi" kitabı nəşr edilib. Bu kitabda 2003-cü ilə qədər olan bütün dövrlər öz əksini tapıb: "Amma bunu daha geniş etmək fikrimiz var. Çünki çox böyük arxiv sənədləri, Arxeologiya və Etnoqrafiya İnstitutunun işçiləri tərəfindən yeni tapıntılar aşkarlanıb".

İnstitutun direktor müavini əlavə edib ki, hazırda hər bir cildi müəyyən dövrü əhatə edəcək 3 cildlik "Azərbaycan tarixi" kitabını yazmaq üçün çox ciddi hazırlıq işləri aparılır. Bununla əlaqədar konsepsiya da hazırlanır: "Həmin konsepsiya əsasında artıq bir cildlik kitab hazırlamışıq. Həmin kitab Azərbaycanın ümumiləşdirilmiş şəkildə bütün tarixi dövrünü əhatə edir. Belə bir fikir var ki, bu işləri başa çatdırdıqdan sonra ensiklopedik şəkildə, çox cildlik, məsələn 15-20 cildlik "Azərbaycan tarixi"ni hazırlayaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti