...

Azərbaycanda tolerantlıq mövzusunda keçirilən silsilə seminar-treninqlərin ilkin mərhələsinə yekun vurulub (FOTO)

Cəmiyyət Materials 5 Sentyabr 2014 11:11 (UTC +04:00)
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Milli Tolerantlıq Mərkəzi (MTM) layihəsi çərçivəsində ölkə üzrə "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq" mövzusunda keçirilən silsilə seminar-treninqlərin ilkin mərhələsinə yekun vurulub.
Azərbaycanda tolerantlıq mövzusunda keçirilən silsilə seminar-treninqlərin ilkin mərhələsinə yekun vurulub (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Milli Tolerantlıq Mərkəzi (MTM) layihəsi çərçivəsində ölkə üzrə "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq" mövzusunda keçirilən silsilə seminar-treninqlərin ilkin mərhələsinə yekun vurulub.

Trend xəbər verir ki, paytaxt Bakıda baş tutan yekun tədbirdə DQİDK və MTM-in rəhbərliyi, dini icmaların sədr və fəalları, habelə ilahiyyatçılar və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MTM-in direktoru Elmin Əliyev bildirib ki, "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq" mövzusundakı seminar-treninqlər Azərbaycanın tolerantlıq və dözümlülük ənənələrinin tərənnümü, dini dözümsüzlük və radikallığa qarşı maarifləndirmə işlərinin aparılması məqsədi ilə həyata keçirilib. O, çıxışında diqqəti dünyada baş verən bir çox müasir toqquşma və faciələrin məhz dini zəmində olan dözümsüzlükdən qaynaqlandığına çəkərək, bu problemlərin aradan qaldırılması və gələcəkdə baş verməməsinin digər vasitələrlə bərabər, məhz dözümlülük düşüncəsinin geniş yayılması ilə mümkün olacağını bildirib: "Dini radikalizmlə mübarizədə inzibati tədbirlər ən sonuncu mərhələ sayılmalı, ilk növbədə, problemin ideoloji müstəvidə çözülməsinə üstünlük verilməlidir. Ölkəmizdəki mövcud tolerantlığı qorumaq üçün bu sahədə dini ictimaiyyətin, xüsusilə də dini icmaların daha çox fəallıq göstərməsi vacibdir".

Tədbirdə çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov qeyd edib ki, bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsi olan Azərbaycanda belə seminar-treninqlərin keçirilməsinin böyük əhəmiyyəti var.

G.İsmayılov bu seminar-treninqlərin baş tutmasında yaxından kömək göstərmiş Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) xüsusi təşəkkürünü bildirib.

O, həmçinin dövlətin dini sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülüyün yüksək səviyyədə olduğunu və ölkəmizin artıq dünyada mədəniyyətlərarası dialoq üçün bir mərkəzə çevrildiyini vurğulayıb.

Daha sonra tədbirdə MTM-in "Hörmət Naminə Birləş" layihəsinin, eləcə də dini icmaların "Tolerantlıq şəbəkəsi"nin təqdimatı keçirilib, şəbəkə üzvlərinə sertifikatlar təqdim olunub.

Təqdimatda qeyd olunub ki, ölkədə fəaliyyət göstərən, müxtəlif məzhəb və dinləri təmsil edən 15 dini icma MTM ilə birgə 5 böyük sosial əhəmiyyətli layihənin icrasına cəlb olunur və bu layihələr müxtəlif din və məzhəblərə aid dini icmaların əməkdaşlıq və işbirliyini artırmağa xidmət edəcək. Bundan əlavə, müxtəlif dinləri təmsil edən 20 dini icmanın iştirakı ilə yaradılan "Tolerantlıq şəbəkəsi" də bu istiqamətdə dini icmaların daimi əməkdaşlığının saxlanması və genişlənməsinə xidmət edəcək.

Qeyd edək ki, gün ərzində xüsusi dəvət olunmuş mühazirəçi ekspertlər tərəfindən keçiriləcək seminar-treninqlərdə milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumlarının dini təməlləri istiqamətində məruzələr dinləniləcək. Tədbir zamanı radikal dini düşüncənin qlobal fəsadları, dini zəmində parçalanma, məzhəb ayrı-seçkiliyi probleminin səbəbləri və aradan qaldırılması mövzusunda dini icma nümayəndələri ilə müzakirələr aparılacaq.

Xatırladaq ki, Milli Tolerantlıq Mərkəzi (MTM) layihəsi 29 may 2013-cü il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun birgə layihəsi olaraq təsis edilib, rəsmi təqdimat mərasimində BMT Sivilizasiyalar Alyansı və ISESCO ilə memorandumlar imzalanıb. Fəaliyyət prioriteti dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, seminar-treninqlərin və konfransların təşkil edilməsi olan Mərkəz bölgələrdə dini maarifləndirmə işinin aparılması və Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılması istiqamətində "Tolerantlığın ipək yolu", "Azərbaycan-tolerantlıq məkanı", "Hörmət naminə birləş!" kimi bir sıra beynəlxalq və ölkə içi tədbirlər həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti