Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlkin İzzət/
1, 23, 30 aprel, 20 may və 13 iyun 2014-cü il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) 90 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 933 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb.
DQMK-dan Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 2427-si (32,96%) qadın namizəd olmaqla 7364 namizəd qeydə alınıb. Onların 75,62%-ni gənclər təşkil edib.
Namizədlərdən 2611 nəfəri (bütün namizədlərin 35,46%-i) test imtahanında iştirak etməyib.
Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 387-si (29,23%) qadın namizəd olmaqla 1371 nəfəri (bütün namizədlərin 18,62%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin test mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin 78,77%-ni gənc namizədlər təşkil edib.
Müsabiqənin müsahibə mərhələsi 12 iyun - 10 sentyabr 2014-cü il tarixdə keçirilib.
Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 1157 namizəddən 111 nəfəri müsahibədə iştirak etməyib, 2 nəfər isə müsahibədə iştirak etməkdən imtina edib. Namizədlərdən 395-i müsahibədən uğurla keçib, 649-u vəzifəyə uyğun hesab edilməyib.
Müsahibədən uğurla keçən namizədlərin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə dövlət orqanlarına göndərilib.
Müsahibə mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:
Dövlət Statistika Komitəsi - (65%) müsahibə üzrə qeydə alınmış 46 namizəddən 30-u;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - (48%) müsahibə üzrə qeydə alınmış 69 namizəddən 33-ü;
Gənclər və İdman Nazirliyi - (46%) müsahibə üzrə qeydə alınmış 41 namizəddən 19-u;
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - (44%) müsahibə üzrə qeydə alınmış 70 namizəddən 31-i;
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - (44%) müsahibə üzrə qeydə alınmış 25 namizəddən 11-i;
İqtisadiyyat və Sənaye Nazirliyi - (41%) müsahibə üzrə qeydə alınmış 75 namizəddən 31-i;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi - (39%) müsahibə üzrə qeydə alınmış 28 namizəddən 11-i.