Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) strukturunda dəyişikliklər edilməsinə ehtiyac var. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) həyata keçirdiyi elə funksiyalar var ki, onları QHT-lər yerinə yetirməlidirlər: "Nazirlik özünün dövlət qulluqçuları vasitəsilə bu proseslərin monitorinqini həyata keçirməli, daim nəzarətdə saxlamalıdır. Yəni nazirlik sifarişçi, QHT-lər isə podratçı rolunda çıxış etməlidir. Bu, ilk növbədə sosial xidmətlərin göstərilməsinə aiddir. Məsələn, bu gün nazirliyin strukturunda Dövlət Sosial Təminat Xidmətində 3003 işçi var. Amma onların 1800 nəfərdən çoxu sosial xidmət işçiləridir. Yəni onlar dövlət qulluqçusu sayılmırlar, sadəcə yerlərdə ayrı-ayrı kimsəsizlərin, əlillərin, xüsusi qayğıya ehtiyacı olan uşaqların və qocaların evlərində onlara xidmət göstərir və nazirliyin işçisi kimi çalışırlar. Məncə bu, doğru təcrübə deyil. Bu xidmətlərin göstərilməsi tamamilə QHT-lərə verilməlidir, nazirlik bunun üçün sifarişlər verməlidir, özünün hər bir mərkəzdə olacaq sektoru vasitəsilə verilən sifarişin yerinə yetirilməsinə nəzarəti həyata keçirməlidir. Biz bu barədə ciddi düşünürük. Bununla bağlı həm qanunvericiliyə, həm də struktura dəyişiklik etmək barədə düşünürük. Bu, son dərəcə vacibdir".