Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Səbinə Әhmədova/
"Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin üzvü olaraq müxtəlif beynəlxalq qurumlarla bərabər Ümumdünya Turizm Təşkilatının tövsiyyə etdiyi xüsusı proqramlar, seminarlar, texniki müşavirələr keçirib. Biz çox sevinirik ki Azərbaycan məhz bu regionun turizm mərkəzi seçilərək bölgənin turizm nümayəndələrini cəlb edib və müxtəlif tədbirlərin keçirilməsinə nail olub". Trend xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda 27 sentyabr - Ümumdünya Turizm Günü münasibətilə keçirilən konfransda bildirib.
Ә.Qarayev deyib ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları, Avropa çempionatı, İslam Oyunları, dünyəvi forumlar və digər mötəbər tədbirlər ölkəni turizm xəritəsində özünəməxsus yerin sahibi kimi təqdim edir.
Nazir qeyd edib ki, turizm sahəsinin inkişafı üçün "Azərbaycan Hava Yolları" QSC ilə (AZAL) çox ciddi iş aparılır. AZAL-ın yeni istiqamətlərdə aviareyslər açması, turizm istiqamətlərinin müəyyənləşdirilməsi yönündə ciddi işlər gedir: "Biz gözləyirik ki, bu ilin sonunadək bir-iki yeni istiqamət üzrə reyslər açılacaq".
Ə.Qarayev vurğulayıb ki, bu gün Azərbaycanda 530 otel fəaliyyət göstərir. Azərbaycanda ötən 7 illə müqayisədə otellərin sayında 2 dəfə artım müşahidə olunub.
Onun sözlərinə görə, bu ilin müsbət nəticələrindən biri də Aİ-nin təqdim etdiyi tvinninq layihəsinin başa çatması olub: "Bu layihə bizə turizm idarəçiliyinin təkmilləşdirilməsinə dair ciddi sənəd verdi".
Nazir "Baku City Sight Tour"-un müvəffəqiyyətindən də danışıb və bildirib ki, bu turun avtobus parkının genişləndirilməsinə, daha müasir avtobusların cəlb olunmasına və regionlarda da bu işlərin təşkil olunmasına dair təkliflər var.
Konfransda Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin videomesajı nümayiş olunub. Video mesajda deyilir: "Turizm insanlara əsaslanmış iqtisadi fəaliyyətdir. Turizmin inkişafını nəzərdən qaçırsaq, onda iqtisadi inkişaf da ləngiyə bilər. BMT-nin Ümumdünya Turizm Təşkilatı da məhz turizm sahəsinin böyük bir rol oynadığını qeyd edir. Bizim qarşımızda müxtəlif planlar və öndə gedən strategiyamız durur. Dünya Turizm Günündə olduqca vacib məqsədlər qarşımızda durur".
Konfransda aidiyyəti dövlət qurumlarının, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələri, həmçinin ölkəmizdə akkreditə olunmuş diplomatlar iştirak edib.
Tədbirdə Azərbaycanda turizmin inkişafını əks etdirən videoçarx nümayiş olunub. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən həyata keçirilmiş "Ölkəmizi tanıyaq" layihəsi, "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" layihəsi, Azərbaycanda yeni yaradılmış "City Sightseeing Baku" şirkətinin yerli və xarici qonaqlara göstərilən xidməti, Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında, eləcə də "Baku Guide" bələdçi kataloqunun təqdimatları keçirilib. Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri turizm işçisi" döş nişanı, həmçinin Bakı Turizm İnformasiya Mərkəzinin Fəxri diplomları təltif olunanlara təqdim edilib.