İlk xəbər saat 12:45-də yayılıb.
Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Bu gün IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Humanizm postmodern dövrün başlıca dəyəri kimi" mövzusunda "dəyirmi masa" keçirilib.
Trend xəbər verir ki, "dəyirmi masa" çərçivəsində ilk olaraq "Prioritetlərin dəyişməsi: yeni universializmin formalaşması və tolerantlığın mühüm mənəvi dəyər kimi irəli sürülməsi" adlı panel baş tutub.
Paneldə 27 ölkədən 51 nümayəndə iştirak edib. Sessiyanın moderatorları Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova, Florensiya Universitetinin sabiq rektoru Paolo Blazi, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoydur.
Florensiya Universitetinin sabiq rektoru Paolo Blazi deyib ki, qloballaşma insanların mobilliyindən yaranıb. Onun sözlərinə görə, insanların bir-biri ilə daha çox əlaqədə olması siyasi proseslərə təsir edir. Ona görə də dövlətlər yeni çağırışlarla üzləşiblər: "Postmodern cəmiyyəti yaratmaq üçün fundamental dəyərlərə arxalanmaq lazımdır. Biz tolerantlığı necə təşfiq edə bilərik? Müştərək anlaşma etik qaydaları inkişaf etdirir. İKT-nin inkişafı informasiyanı hər bir şəxs üçün əlçatan edib. Biz biliyə əsaslanan cəmiyyətə doğru gedirik. İnsanlar media vasitəsilə dünyanın hər yerində fikirlərini bölüşürlər, müxtəlif dinlərə mənsub insanlar bir-biriləri ilə ünsiyyətə girirlər. Postmodern cəmiyyətdə bilik insanı sülhə, düzgünlüyə aparmalıdır".
Mixail Şvıdkoy bu gün dünyada hər kəsin tolerantlıq, multikulturalizmin nə demək olduğunu bildiyini, ancaq müasir dövrdə həmin sözlərin, dəyərlərin mənasını itirdiyini vurğulayıb: "Tolerantlıq bəzi dairələrdə mənfi reaksiya yaradır. Rus dilində dözümlülük və tolerantlıq sinonim kimi qəbul edilir. Çünki dözümlülük passiv mövqe, tolerantlıq aktiv yanaşmadır".
Terror qurbanlarının hüquqlarının qorunmasını zəruri sayan Roma Apelyasiya Məhkəməsinin baş hakimi Antonio Marini bildirib ki, yalnız dövlətlərin və qurumların insan hüquqlarını poza bilməsi fikri qəbuledilməzdir: "Hər bir dövlətin borcu vətəndaşlarını terrorizmdən qorumaq üçün vacib addımlar atmaqdır. Gizli həbslər isə qeyri-qanunidir və yeni terror qurbanlarının sayının artmasını şərtləndirir. Etnik qurplara, əcnəbilərə qarşı yönəlmiş diskriminasiya hallarının qarşısını almaq üçün ədalətli araşdırma aparılmalıdır. İspaniyada terrorizm 15 il tüğyan edib. Hazırda İspaniyada terror qurbanlarına 1033 avro ömürlük müavinət, 200 min avro birdəfəlik təzminat verilir. Bütün dövlətlər terror qurbarlarını yardım və dəstəklə təchiz etmək üçün xidmət mərkəzləri yaratmalıdırlar. İtaliyada terror qurbanı məhkəmədə iştirak edə, maddi və mənəvi təzminat tələb edə bilər".
Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova deyib ki, tolerantlıq heç də sakit oturmaq kimi başa düşülməməlidir: "Radikal qüvvələr tolerantlıqdan istifadə edə bilərlərmi? Ona görə də tolerantlıq anlayışı çox mürəkkəbdir".
ABŞ-ın Hartford Universitetinin fəxri prezidenti və humanitar elmlər üzrə professor Hamfri Tonkin qeyd edib ki, bu gün inqilab yaşanır: "Analoqu olmayan sayda biliklər kompüter yaddaşında saxlanılır, internetdən çoxsaylı məlumatlar toplanır. Dildən gözəl məqsədlə istifadə etmək olar. Ancaq dil insanı çaşdıra bilər, biz sözə görə məhkəməyə üz tuturuq, müharibələr baş verir. Dili itirmək kollektiv düşüncəni itirmək deməkdir. Hər şeyi ingilis dilinə çevirib, digər dilləri kölgəyə atmaq olmaz. Yeni dünya yaradarkən çoxdilli ünsiyyətə üstünlük verməliyik. Bəzən elə hesab edirik ki, dilini bilmədiklərimizin problemlərini onlardan yaxşı bilirik. Bu, yanlış yanaşmadır. Keçmişdəki ən yaxşı dəyərlər müasir dövrdə də əsas götürülməlidir".
Moderator Paolo Blazi də hazırda ingilis dilinin getdikcə yoxsullaşdığını söyləyib.
Polşanın Lodz Universitetinin dossenti Monika Kopitovska isə postmodern dünyada media dəyərlərindən danışıb: "Məsələn, Afrika barədə düşünün. Yəqin ki, təsəvvürünüzə aclıqdan əziyyət çəkən uşaqlar, münaqişələr barədə şəkillər gəlir. Medianın təqdimatı ilə Afrikada vəziyyətin çox ağır olduğu təəssüratı yaranır. Düşünürük ki, Qərb güclüdür, onların dəstəyimizə ehtiyacı var. Media görmədiyimiz hadisələri öz gördüyü kimi, müəyyən istiqamətdə bizə təqdim edir. Biz həmin hadisəni görəndə medianın təqdim etdiyindən fərqli olduğu qənaətinə də gələ bilərik".
İtaliya Yəhudi İcmaları İttifaqının müşaviri Viktor Maqyar planetin böyük kənd olduğunu bildirib. Onun sözlərinə görə, texnoloji inkişaf dünyanı dəyişir, kütləvi miqrasiya baş verir və bu da qloballaşmaya gətirib çıxarır: " İnsana hörmətdən, tolerantlıqdan başqa hər şey qloballaşır. Bu, ziddiyyət yaradır. Peyk televiziyası və İnternet bizə dünyanın görüntüsünü təqdim edir, insanların arzularını söz və görüntülərlə bizə çatdırır. Bu böyük kənddə yüzlərlə dillər, mədəniyyətlər, mentalitetlər var. Ona görə də sadə sözlər, universal dəyərlər tapmalıyıq ki, insanlar bir-biriləri ilə asan ünsiyyət qursun. Əgər insan hüquqlarından başqa hər şey qloballaşırsa, biz çıxış yolu tapmalıyıq. Yaşadığımız dünyanı mürəkkəbləşdirməməliyik, humanizm gözəl dəyərdirsə, buna önəm verməliyik. Birgə yaşayış qaçılmazdır və buna praqmatik mövqedən yanaşmalıyıq".
Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz dünyada təhlükə altında olan dillərin qorunmasını vacib sayıb.
Tədbirdə çıxış edən ADU-nun professoru Çəmən Babaxanova deyib ki, azərbaycanlılar Ermənistandan qaçqın düşən zaman zorakılıqla üzləşiblər: "Ermənistanın Amasiya rayonu Azərbaycanın Qazax rayonu ilə qonşudur. Erməni qonşular bildirmişdilər ki, gecə ilə dağla qaçın, sizi öldürəcəklər. Fevralda 3 gün ərzində dağ yolu ilə qaçan 50 insandan yalnız 30-u gəlib Qazaxa çatdı".
Alimaniya və Fransa arasında müharibələrin baş verdiyini və bu gün bu iki ölkə arasında sürətli inteqrasiyanın olduğunu qeyd edən Paolo Blazi deyib ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına dönməsini istərdi.