Bakı.Trend:
Bayram ərəfəsində qızıl bazarında vəziyyət əsasən qlobal qiymət dəyişiklikləri və mövsümi tələbat amilləri ilə müəyyən olunur.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.
O bildirib ki, son dövrlərdə beynəlxalq bazarlarda qiymətli metalların, xüsusilə qızılın qiymətində ciddi artım müşahidə edilir ki, bu da yerli bazara birbaşa təsir göstərir.
"Hazırda dünya bazarında qızılın bir unsiyasının qiyməti 4400 ABŞ dolları ətrafında formalaşıb və bu amil daxili bazarda qızıl məmulatlarının satış qiymətlərinin artmasına səbəb olub. Ümumilikdə bazarda hərəkətlilik var, satıcılar bayram mövsümünə uyğun olaraq çeşidi artırır və tələbatı qarşılamağa çalışırlar",-deyə o bildirib.
R.Əmircanov vurğulayıb ki, hazırda qızıl məmulatlarının qiymətlərində artım açıq şəkildə müşahidə olunur. Bu artım əsasən beynəlxalq bazarlarda qızılın dəyərinin yüksəlməsi ilə bağlıdır.
"Yerli bazarda qiymətlər dünya bazarındakı tendensiyalara uyğun formalaşır və mövcud şəraitdə qiymətlərin qısa müddətdə aşağı düşəcəyi gözlənilmir. Qiymətli metal bazarındakı bu artım yalnız qızılla məhdudlaşmır - hazırda gümüşün bir unsiyasının qiyməti təxminən 70 ABŞ dolları civarındadır ki, bu da əvvəlki dövrlərlə müqayisədə yüksək göstəricidir. Hazırda alıcıların ümumi sayı sabitdir, lakin istehlakçı davranışında müəyyən dəyişikliklər müşahidə olunur".
İqtisadçı bildirib ki, qızılın qiymətinin yüksək olması alıcıların bir hissəsinin daha çox büdcələrinə uyğun, çəkisi az olan məmulatlara üstünlük verməsinə səbəb olur.
"Eyni zamanda, qiymət artımı fonunda bəzi alıcılar alternativ olaraq gümüş məmulatlarına yönəlirlər. Təcrübə göstərir ki, Yeni il və digər bayramlar ərəfəsində qızıl və digər qiymətli metallara tələbat adətən artır. Bu il də bayrama yaxın günlərdə bazarda canlanma və satışların artması gözlənilir",-deyə o əlavə edib.

