Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycana müvəqqəti yaşamağa və işləməyə gələn əcnəbilər İİV müayinəsindən keçməlidirlər və bu, qanunvericiliyə məcburi hal kimi əlavə edilir.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsində nəzərdə tutulur.
Sözugedən qanun layihəsinə dəyişikliklər barədə qanun layihəsi Milli Məclisə Azərbaycan Respublikası Prezidenti tərəfindən daxil olub.
Bu layihəyə əsasən, Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə, habelə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər İİV-lə bağlı tibbi müayinədən keçməlidirlər.
Hazırkı qanuna görə isə Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ (immiqrant statusu) əldə etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər İİV-lə bağlı tibbi müayinədən keçməlidirlər.